Geri

11/12/19

Elmi şura “Strateji İnkişaf Planı”nı müzakirə edib.


Lənkəran Dövlət Universitetində (LDU) keçirilən Elmi şurada gündəlikdə duran məsələlərin müzakirəsinə keçilməzdən əvvəl, başa çatmaqda olan ilin yekunlarından söz açılıb.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 2019-cu ili LDU-nun tarixində ən uğurlu il kimi səciyyələndirib.Bildirib ki, universitetin tarixində ilk dəfə olaraq məhz 2019-cu ildə 2 yeni tədris korpusu, 160 yerlik yataqxana inşa olunub, tədris avadanlıqları yenilənib, modern laboratoriyalar alınaraq quraşdırılıb,xarici əlaqələr genişləndirilib,müəllim, doktorant, magistrant və tələbələrin elmi yaradıcılığa həvəsi artıb,nüfuzlu elmi nəşrlərdə çıxan elmi məqalələrin sayında artım müşahidə olunub.Universitet rəsmisi LDU-da sağlam iş-təhsil şəraitinin yaradıldığını, şəffaf mühitin formalaşdırıldığını şura üzvlərinin diqqətinə çatdırıb, eyni zamanda, qarşıda duran daha mühüm vəzifələrdən söz açıb.N.İbrahimov şura üzvlərini Elmi şuranın gündəliyi ilə də tanış edib.
Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “Lənkəran Dövlət Universitetinin Missiya və Strateji İnkişaf Planı” olub.Bu barədə iştirakçıları rektorun müşaviri ,professor Mikayıl Məhərrəmov məlumatlandırıb.Məruzəçi bildirib ki, sözü gedən plan 2020-2025-ci illəri əhatə edir və universitetin inkişaf perspektivləri nəzərə alınaraq kollektiv şəkildə,təklif və rəylər nəzərə alınmaqla hazırlanıb.M.Məhərrəmov strateji inkişaf planında LDU-nun 30 illik yubileyi ilə bağlı tədbirlərin də yer aldığını diqqətə çatdırıb.
“Payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” barədə məlumatı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov təqdim edib.Məruzəçi imtahanlara hazırlıq işlərinin yekunlaşmaqda olduğunu, sessiyaya 7 yanvar 2020-ci il tarixdən start veriləcəyini bildirib,dekan, kafedra müdirlərinə müvafiq tapşırıqlarını verib.
Universitetin Tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən dosent Elvin Əliyev 24 dekabr 2019-cu il tarixində keçiriləcək respublika elmi konfransına hazırlıq işlərinin vəziyyəti barədə məruzə edib.Bildirib ki, ötən konfranslarla müqayisədə bu ilki elmi tədbirə qatılanların sayında artım müşahidə olunur.
Elmi şurada “Qışa hazırlığın vəziyyəti və texniki təchizat məsələləri haqqında” da məsələ müzakirəyə çıxarılıb. Bu barədə hesabatı Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyev təqdim edib.Məruzəçi qışa hazırlıq sahəsində bütün işlərin qaydasında olduğunu,yeni tədris korpuslarının internetlə təminatının da yaxın günlərdə başa çatdırılacağını deyib.
Şura üzvləri universitet Elmi və Tədris-Metodik şurasında baxılan işlərin müzakirəsi ilə bağlı Elmi katib Allahşükür Quliyevin məlumatını da dinləyiblər.
Şurada digər cari məsələlərə də baxılıb .Elmi şuranın sədri ,professor Natiq İbrahimov müzakirə olunan məsələrə münasibət bildirib, müvafiq göstərişlərini verib,təklif və iradlarını çatdırıb.
Elmi şurada müzakirə olunan məsələlər açıq səsverməyə çıxarılıb və müvafiq qərarlar qəbul olunub.
Elmi şura “Strateji İnkişaf Planı”nı müzakirə edib.


Mənbə:
Paylaş: