Geri

29/09/20

Qarabağ Azərbaycandır! Biz qalib gələcəyik!


Bu gün Azərbaycan öz tarixinin ən çətin, ən şanlı , ən fəxrli məqamını yaşayır. Azərbaycan ordusu itirilmiş torpaqlarımızın qaytarılması istiqamətində ölüm-dirim savaşına başlayıb və bu savaşı uğurla davam etdirir. Bu mübarizədə Azərbaycan xalqı öz dövlət başçısının yanında, öz ordusunun arxasındadır.Bizim mübarizəmiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır.
Azərbaycan haqq mübarizəsi aparır! Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır!Artıq cəbhə bölgəsindən qələbə xəbərləri almaqdayıq. Şanlı ordumuzun apardığı döyüşlər nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşmən tapdağından azad edilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bu münasibətlə Azərbaycan xalqını təbrik edib.
Hazırda cəbhə boyu ordumuz düşmənə layiqli cavab verir. Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Döyüş əməliyyatları davam edir. Bundan sonra da Şanlı Ordumuz bizi uğurlu əməliyyatları ilə sevindirəcək.
Azərbaycan silahlı qüvvələrinin döyüş meydanında göstərdiyi yüksək əzmi və şücaəti hər bir azərbaycanlı mülki şəxsi bölüşür və eyni ilə nümayiş etdirir. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan xalqının bir parçası kimi bu gün Milli Ordumuzu, qəhrəman əsgərlərimizi dəstəkləyir, dövlət başçımızın, ordumuzun arxasında olduğumuzu bəyan edirik.Bu gün hər birimiz Azərbaycan torpağının müdafiəsinə, Qarabağı işğaldan azad etməyə hazırıq! Lənkəran Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ürəyi döyüş bölgəsindədir, Azərbaycan əsgərləri ilə bir döyünür. Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun zəfər çalacağı gün isə uzaqda deyil.Bütün Azərbaycan xalqı, LDU kollektivi əzəli Qarabağ torpaqlarının azad olunacağı günü, bu şad xəbəri intizaral gözləyir.O an uzaqda deyil!
Zəfər sənindir, Azərbaycan əsgəri! Haqq-ədalət səninlədir, bütün Azərbaycan arxandadır! Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır! Biz qalib gələcəyik!


Mənbə:
Paylaş: