Geri

27/09/19

LDU-da keçirilən regional olimpiada qalibləri mükafatlandırıldı.


Lənkəran Dövlət Universitetində (LDU) Cənub bölgəsinin rayonlarını təmsil edən İX, X, XI sinif şagirdləri, Lənkəran Humanitar, Astara Pedaqoji ,Masallı Dövlət Regional Kolleclərinin tələbələri arasında fizika, riyaziyyat, kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə keçirilən regional olimpiada qaliblərinin mükafatlandırma mərasimi olub.

Mərasimdə bilik yarışmasından qalib çıxaraq I, II,III yeri tutan şagird və tələbələr , onların valideynləri, rayon təhsil şöbələrinin rəsmiləri, müəllimlər , media nümayəndələri iştirak edib.

Tədbiri Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.İştirakçıları salamlayan professor Natiq İbrahimov bu günkü tədbiri nəinki universitetin , həmçinin bölgənin elmi həyatında vacib hadisələrdən biri adlandırıb.Ölkəmizin gələcəyi bu gün yetişdirdiyimiz kadrların səviyyəsi, gənclərin elmi potensialı ilə ölçülür-deyən universitet rəsmisi müxtəlif fənlər üzrə olimpiadaların , bilik yarışmalarının bu istiqamətdə mühüm rol oynadığını, davamlı olaraq keçiriləcəyini bildirib.Natiq İbrahimov rayon təhsil şöbələrinin rəhbərlərinə, müəllimlərə, valideynlərə LDU kollektivi adından olimpiadaya dəstək olduqlarına görə təşəkkür edib.

Təbrik nitqindən sonra qaliblərin mükafatlandırılması mərasimi olub.I, II, III yeri tutan şagird və tələbələrə universitetin diplomları , kubok və qiymətli hədiyyələri verilib.Qaliblərə mükafatları professor Natiq İbrahimov və tədbirə qonaq qismində qatılan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran xanım Mahmudova təqdim ediblər.

Mərasimdə Həştərxan Dövlət Texniki Universitetinin Avrasiya Universitetlər Assosasiyası ilə birgə təşkil etdiyi “Xəzər ulduzları”festivalı çərçivəsində “Mənim dostum Xəzərdə yaşayır” adlı Beynəlxalq inşa müsabiqəsində yer tutduqlarına görə LDU-nun tələbələri Xəyyam Tahirzadə, İlahə Məlikzadə,Leyla Cəfərova da mükafatlandırılıblar.Onlara universitetin fəxri-fərmanları və xatirə hədiyyələri təqdim edilib.

Sonda xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, regional olimpiadada bölgəni təmsil edən təhsil müəssisələrindən 250-dən artıq şagird və tələbə iştirak edib.

Esmira İsmayılova,

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

 LDU-da keçirilən regional olimpiada qalibləri mükafatlandırıldı.


Mənbə:
Paylaş: