Geri

27/09/19

LDU-da Nəsiminin 650 illik yubileyi qeyd edilib.


Klassik Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri,humanizm və cəsarət simvolu kimi ədəbiyyat tariximizdə silinməz iz qoyan , anadilli şeirləri ilə ədəbiyyatımızı zənginləşdirən İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə Lənkəran Dövlət Universitetində elmi seminar keçirilib.

Seminarın gündəliyini açıqlayan LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamını yüksək dəyərləndirib.Bildirib ki, Nəsimi çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şairdir və onun zəngin irsi bu gün də insanların mənəvi -əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.Universitet rəsmisi ustad şairin zəngin ədəbi irsinin öyrənilməsində elmi müzakirələrin, seminarların əhəmiyyətli rol oynadığını xüsusi vurğulayıb.

Elmi seminarda LDU-nun professoru , filologiya üzrə elmlər doktoru Yədulla Ağazadə “İ.Nəsiminin təxəllüsü onun təriqət şeyxi olmasının sübutu kimi”,dosentlər, filologiya üzrə fəlsəfə doktorları Mirhüseyn Abbas “Humanist şair”,Kamran Kazımov “Nəsimi rus ədəbiyyatında”,Elşad Səfərli “Hürifizm və Nəsimi hürufizminin simvollar sistemi”, Afiq Əliyev “İ.Nəsimi yaradıcılığında kamil insan və onun formalaşması ideyaları”, Əlirza Əliyev “Nəsimi poeziyasında şəxs adları”, Elman Mirzəyev “Nəsiminin dilində işlənmiş bəzi arxaik əvəzliklər haqqında”, baş müəllimlər-filologiya üzrə fəlsəfə doktorları Könül Dənziyeva “Nəsiminin dilində prosodik vasitələr”,Qədim Rufullayev”Xalq rəvayətlərinin zənginləşməsində Nəsimi şəxsiyyətinin rolu”, müəllimlərdən Aysel Mehdiyeva “Nəsimi Qərb dünyasında”, Aynur Rzayeva “Nəsimi yaradıcılığında kopeziya vasitələrinin linqvistik təhlili” və doktorant Nərmin Məmmədovanın “Lənkəran ədəbi mühitində Nəsimi fəlsəfəsi”mövzularında çıxışları dinlənilib.

Seminar gərgin diskussiya və polemika şəraitində keçib, Nəsiminin həyat və fəaliyyəti,bədii yaradıcılığı,dini-fəlsəfi görüşləri geniş müzakirə edilib.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

 LDU-da Nəsiminin 650 illik yubileyi qeyd edilib.


Mənbə:
Paylaş: