E-mail: office@lsu.edu.az | Tel: : +25 - 25 -5-17-97 | Ünvan : xəritə  |         

   Çukorova universiteti ilə əməkdaşlıq LDU üçün yeni iqtisadi imkanlar açır.

      LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun dəvəti ilə Lənkəran Dövlət Universitetində qonaq olan Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlunun cənub bölgəsi və Lənkəran Dövlət Universiteti ilə tanışlığı davam edir. 3 günlük səfər proqramı çərçivəsində hörmətli qonaq LDU-nun professor –müəllim heyətinin müşayiəti ilə Lənkəranda sitrus bağçılığın və çayçılığın inkişafı ilə yerlərdə əyani tanış olub,bu sahənin mütəxəssisləri ilə görüşlər keçirib.”Yaşıl çay”fermer təsərrüfatında qonaq olan türkiyəli alim burada son iki ildə çayçılığın və sitrus bağçılığın inkişafı istiqamətində aparılan işlərdən,tədbiq olunan yeni təsərrüfatçılıq metodlarından,əldə edilən nəticələrdən razı qaldığını bildirib. Səfər çərçivəsində professor Saadəttin Baloğlu LDU-da geniş auditoriyada aqrar yönümlü ixtisaslarda təhsil alan tələbələr və professor- müəllim heyəti üçün seminar-mühazirə keçirib.Türkiyəli alim mühazirəsində təmsil etdiyi Çukorova Universitetində sitrus bağçılığın inkişafı istiqamətində həyata keçirilən layihələr,əldə edilən iqtisadi səmərə ,elmlə təcrübənin uzlaşdırılmasının verdiyi keyfiyyət göstəriciləri və s.barədə geniş bəhs edib. Eyni zamanda, sitrus bağçılıq üçün əsas olan torpaq qatının öyrənilməsi,ziyanvericilərə qarşı mübarizə,bitki mühafizəsi,məhsuldarlığın artırılması üçün vacib olan faktorlardan söz açıb. Seminar mühazirədə aparılan elmi işlər və nəticələri slaydlar vasitəsi ilə nümayiş etdirilib, tələbə və müəllimlərin sualları cavablandırılıb.

      Seminardan sonra aqrar və mühəndislik fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə keçən söhbət-diskussiyada Çukorova Universitetində sitrus bağçılığın inkişafı istiqamətləri,ixrac potensialı və bu faydalı təcrübədən LDU-dan istifadə imkanları geniş müzakirə edilib. LDU-ya səfərinin yekununda professor Saadəttin Baloğlu və hidromexanika üzrə mütəxəssis Cuneyd Terkuran universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşüblər . Qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı Türkiyənin Çukorova Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında ikitərəfli əlaqələrin genişləndirilməsi ,müəllim-tələbə mübadiləsinin təşkili müzakirə mövzusu olub. Bu iki ali təhsil ocağı arasında aqrar yönümlü ixtisaslarda kadr hazırlığının inkişaf perspektivləri,təlimlə təcrübənin vəhdəti,universitetlərin özünümaliyyələşdirmə istiqamətində həyata keçirə biləcəyi layihələrdən geniş bəhs edilib. Xatırladaq ki, LDU-da 5 hektar sahədə sitrus bağçılığı inkişaf etdirmək,1 hektar sahədə çay plantasiyası salmaq məqsədilə işlərə start verilib və universitet bu məqsədlə Türkiyənin Çukorova Universitetinin təcrübəsindən bəhrələnmək niyyətindədir.

LDU-nun mətbuat xidmətinin rəhbəri: Esmira İsmayılova

Fotomüxbir: Əyyar Bədəlov.

Facebook Youtube
Lənkəran Dövlət Universiteti - 2017 / Created by - Məhəmməd Əlizadə