E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Lənkəran Dövlət Universitetində “Campus France günləri”.

Lənkəran Dövlət Universitetində (LDU) “Ətraf şəhərlərdə Campus France günləri” nə start verilib.Campus France nümayəndəliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə, Fransada təhsilin təbliği çərçivəsində keçirilən layihənin iştirakçıları iki gün ərzində- 12-13 mart tarixlərində Lənkəran Dövlət Universitetində silsilə tədbirlər keçirməyi planlaşdırıblar.

Tədbirin birinci günü Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Fransanın Azərbaycandakı Səfirliyinin universitetlərlə əməkdaşlıq üzrə ataşesi, Campus France üzrə məsul şəxs, eyni zamanda , “Frans Alumni Azərbaycan” adlı məzun şəbəkəsinin idarəçisi xanım Raab Maureeni və Azərbaycan Fransız İnstitutunda Campus France bürosu üzrə koordinator Mədinə Mollayevanı qəbul edib.

Səmimi və dostluq şəraitində keçən görüş zamanı universitet rəsmisi hörmətli qonaqlara LDU barəsində ətraflı məlumat verib. Azərbaycanla Fransa arasında ikitərəfli əlaqələrin müsbət yönümdə inkişafından məmnun qaldığını deyən professor Natiq İbrahimov xanım Maureenə Lənkəran Dövlət Universitetində elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən, Avropa təhsilinə inteqrasiyadan, LDU-nun genişlənən beynəlxalq əlaqələrindən ətraflı söz açıb.Bildirib ki, universitetdə təhsilin səviyyəsini yüksəltmək, keyfiyyətli kadr hazırlığına nail olmaq üçün çoxşaxəli işlər görülür.Bu məqsədlə Avropadan modern laboratoriyalar alınaraq quraşdırılıb, praktik məşğələlərə diqqət artırılıb.Professor Natiq İbrahimov ixtisaslı müəllimlərə olan tələbatı ödəmək məqsədilə paytaxtdan və xaricdən müəllim dəvət etdiklərini, onlar üçün hər cür şəraiti olan xidməti mənzillərin inşa olunduğunu qonaqların diqqətinə çatdırıb.Həmçinin , yeni inşa olunan tələbə yataqxanası, yeni tədris korpusları və sair barədə söz açıb.

LDU-da turizm tədris-təcrübə bazasının olmasını yüskək dəyərləndirən xanım Maureen Raab Fransada fəlaiyyət göstərən ali təhsil ocaqları ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əlaqələrin yaradılmasını hər iki tərəf üçün səmərəli hesab etdiyini deyib, bununla bağlı təkliflərini professor Natiq İbrahimovla bölüşüb.Bildirib ki, səfərin məqsədi tələbə və müəllimlərin diqqətini Fransanın Azərbaycandakı səfirliyinin təqdim etdiyi təqaüd proqramlarına cəlb etməkdən ibarətdir.Fransa və Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək istədiklərini qeyd edən M.Raab irəli sürdüyü layihənin üstünlüklərindən bəhs edib.Çay süfrəsi arxasında keçən söhbət zamanı qarşılıqlı fikir mübadiləsi edilib, əməkdaşlığın forma və istiqamətləri müəyyənləşdirilib.

Fransalı qonaq universitetlə tanışlıq çərçivəsində Beynəlxalq əlaqələr şöbəsində əməkdaşlarla görüşüb, LDU-nun xarici universitetlərlə əlaqələri barədə məlumatlandırılıb.

2 gün davam edəcək tədbirlər çərçivəsində universitetin professor-müəllim-tələbə heyəti ilə görüşlər, onlara Fransada ali təhsil, müxtəlif təqaüd proqramları barədə məlumatların verilməsi, bununla bağlı məlumat kitabçalarının və bukletlərin paylanması, fərdi görüşlərin, fransız dilindən oxu dərnəyinin , danışıq klubunun , intelektual oyunların təşkili, tələbələrin suallarının cavablandırılması nəzərdə tutulub. Universitetin dəhlizində Campus France və France Alumni stendlərinin qurulması tədbir iştirakçılarını layihə barədə ətraflı məlumatlandırmaqdan ibarətdir.

LDU-da “Campus France günləri” çərçivəsində tibb və mühəndislik təhsili üzrə təqdimatlar da nəzərdə tutulub.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube