E-mail: office@lsu.edu.az | Tel: : +25 - 25 -5-17-97 | Ünvan : xəritə  |

LDU - sabaha doğru inamla!

Müstəqillik dövrünün yeni Universitetini yaradırıq.

      2017-ci ilin may ayında Lənkəran Dövlət Universitetində elmi konfransda iştirak edən alimlərdən biri burada tədris, maddi-texniki baza sahəsində aparılan işlərdən heyrətini gizlədə bilməyərək:

      - Natiq müəllim, mən əvvəllər də burda olmuşam, amma indi gördüklərim məni heyrətə gətirir. Siz təhsildə və təsərrüfat işlərində inqilab edirsiniz, - dedi.

Natiq müəllim:

      - Bütün bunlar Qanunvericiliyin yaratdigı imkanlardır - deyə cavab verdi.

      Əslində Natiq müəllim təvazökarlıq edirdi. İnsan öz işinin düzgünlüyünə, millətə, xalqa verəcəyi faydaya inananda, o, hər şeyə nail olur. Belə insan ruhən yaradıcı olanda isə o daha inadcıl, əzmkar və islahatçı olur. Natiq müəllim kimi.

      Bugünkü ixtisaslar tədrisə yeni yanaşma tələb edir. Güclü maddi-texniki baza, laboratoriyalar, ixtisas kompleksləri və kadr potensialı olmadan müasir tələblərə cavab verən mütəxəssis hazırlamaq mümkün deyil. Regionun tələbləri nəzərə alınaraq, LDU-da yeni ixtisaslar və yeni Aqrar fakültəsi açılmışdır. Doğrudur, LDU-da əvvəllər də kənd təsərrüfatı ilə bağlı ixtisas olmuşdur. Təəccüblüsü budur ki, indiyədək universitetdə kənd təsərrüfatı ixtisasları üzrə təcrübə sahələri, kompleks laboratoriyalar yaradılmamış, işin praktik mahiyyətinə diqqət yetirilməmişdir. Tələbələr tərəvəzin və ümumiyyətlə kənd təsərrüfatı bitkilərinin necə becərildiyini, bu sahədə hansı aqro-texniki işlərin aparıldığını əyani görməmişlər. Təbii ki, belə bir yanaşma ilə keyfiyyətli mütəxəssis hazırlamaqdan söhbət belə gedə bilməz.

      - Lənkəranda ilin istənilən vaxtında məhsul əldə etmək olar. Qoy tələbə cəhd eləsin, özü əksin, özü qulluq eləsin, bitkinin böyümə, inkişafetmə prosesini özü izləsin və nəzarət etsin. Bitkinin xəstəliyini öz gözləri ilə görsün. Nəticə olacaq. Çox vaxt eksperimentin lazımi nəticə verməməsi də, elmə xidmət etmişdir. Tələbə məhsul niyə olmadı?, məhsul niyə az oldu? və s. sualların cavabını axtaracaq. Beləliklə, işin içinə girəcək. Kənd təsərrüfatı işçisi bu prosesləri izləməsə, bu prosesləri yaşamasa, ondan kənd təsərrüfatı işçisi olmaz.

      Natiq müəllimin dedikləri düz çıxdı. Tələbələr coşqunluqla işə qoşuldular. Bitkilərə həvəslə qulluq etdilər. Müəllimlərinin rəhbərliyi altında nəzəriyyə ilə təcrübəni birləşdirdilər, alaqdan təmizləmə işindən tutmuş suvarma, kultivasiya və digər işlərə qədər özləri məşğul olaraq, hər bir körpə fidanın üstündə yarpaq kimi əsdilər, çəkdikləri əməyin bəhrəsini səbirsizliklə gözlədilər. Budur, nəhayət ki, onların zəhməti boşa çıxmadı. Eksperiment öz bəhrəsini verdi. Təcrübə sahəsi bol məhsul verdi. Bu isə yeni tədris ili üçün daha qlobal addımların atılacağından xəbər verir.

      LDU-da yaradılan yeni ixtisaslardan biri də “Baytarlıq”dır. Natiq müəllimin həmin ixtisas üçün möhtəşəm planları vardır. Şəxsən Rusiyanın Ufa şəhərində ixtisasla bağlı Universitetdə olan rektor Elmi şurada professor-müəllim heyəti ilə təəssüratlarını bölüşəndə onun gözlərində gələcəkdə LDU-da həmin ixtisas üzrə yaradılacaq nəhəng kompleksin uğurlu anlarının sevincini görmək çətin deyildi. LDU-da müasir tədris laboratoriyalarının, ixtisaslar üzrə fundamental komplekslərin yaradılması üçün real, qəti addımlar atılır.Bu təkcə aqrar və iqtisadi yönümlü ixtisaslara deyil, ümumən pedaqoji yönümlü ixtisaslara da aiddir.

      Lənkəran Dövlət Universiteti bu möhtəşəm işdə ona kömək etmək istəyən professor-müəllim kadrları LDU-ya dəvət edir. Respublikada yeganə ali məktəbdir ki, dəvət olunuan professor müəllim heyəti üçün Avropa standartlarına uyğun müasir tipli 6 xidməti mənzil inşa etmişdir. Hər mənzilin 2 otağı, mətbəxi, hamamı və s. vardır.

      Yaxşı şərait, yüksək əmək haqqı, sağlam kollektiv, humanizm, şəffaflıq və ədalətə köklənmiş rəhbərlik! Müəllim üçün bundan yaxşı nə ola bilər?!

      Natiq müəllimin arzularını ürəkdən gerçəkləşdirmək istəyənlər, niyyəti pak və təmiz olanlar, Azərbaycanın hər qarışını özünə Vətən bilənlər, LDU-ya gəlin. Bu möhtəşəm işlərin hərəkətverici qüvvəsi olun!

      Gəlin,dövrümüzün müasir Universitetini, müasir Universitetin isə Lənkəran modelini yaradaq!

      Bir sözlə, Universitetimiz böyük və möhtəşəm işlər astanasındadır. LDU-da bu gün aparılan quruculuq, humanistləşmə və digər tədbirlər bizi qəti inandırır ki, həmin böyük və möhtəşəm işlərin gerçəkləşdiyi gün uzaqda deyil. Natiq müəllim öz niyyətində inadlıdır, o, irəliyə baxır, onun üçün geriyə yol yoxdur.

      Biz-cənublular Natiq müəllimə inanır və deyirik: Natiq müəllim, qısa müddətdə Lənkəran Dövlət Universitetində gördüyünüz və görəcəyiniz işlərə görə çox sağ olun!

Dosent Ayəddin Əliyev

Facebook Youtube
Lənkəran Dövlət Universiteti - 2017 | Created by - Məhəmməd Əlizadə