E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Avropa Komissiyasının layihə rəhbəri LDU-da olub.

Avropa Komissiyasının “Azərbaycanın ali təhsil sistemində tədqiqat,ixtira və innovasiyanın gücləndirilməsi üçün Texniki Yardım Dəstəyi “ layihəsinin rəhbəri Gulda Krzysztof və ekspert Jacek Gajevski bu gün Lənkəran Dövlət Universitetində (LDU) olublar.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir maddi-texniki bazaya və kadr potensialına malik olan universitet bir çox beynəlxalq layihələrdə iştirak edir.Son illərdə LDU-nun Avropa universitetləri ilə əməkdaşlıq etdiyini, elmi əlaqələrin yaradıldığını deyən professor N.İbrahimov əsas hədəflərinin birgə əməkdaşlıq çərçivəsində yeni elmi uğurların əldə olunması,aparılan elmi tədqiqatların səmərəliliyinin artırılması olduğunu qeyd edib, bu istiqamətdəki fəaliyyətləri barədə qonaqlara umumi məlumat verib.

Tədbirdə iştirak edən LDU-nun prorektorları, kafedra müdirləri, ixtisaslı müəllimlər, gənc tədqiqatçılar avropalı ekspertləri universitetdə aparılan elmi tədqiqatlar , ixtira və innovasiyalar, əldə olunan nəticələr barədə ətraflı məlumatlandırıblar.Son illərdə yenilənən elmi-təcrübi bazanın , modern laboratoriyaların bu işə müsbət təsiri xüsusi vurğulanıb.

Rəbbəri olduğu layihə haqqında məlumat verən Gulda Krzysztof qeyd edib ki, əsas məqsədləri ali təhsil sistemində tədqiqatların inkişafı və innovasiya siyasətinin gücləndirilməsinə dəstək göstərmək, yardımçı olmaqdır.

Təhsil və Layihələrin İdarə edilməsi üzrə ekspert, doktor Jacek Gayevski çıxışında dünya və Avropa təhsilində elmi tədqiqatlarlara marağın artdığını, təmsil etdiyi qurumun Azərbaycanda bu sahəyə diqqət yetirdiyini, LDU ilə əməkdaşlığa maraqlı olduqlarını , perspektivli elmi layihələrin qurum tərəfindən dəstəklənəcəyini deyib.

Diskussiya şəraitində keçən görüşdə müvafiq layihə çərçivəsində birgə əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib, təklif və rəylər dinlənilib.

Qeyd edək ki, sözügedən layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, Azərbaycan Respublikası Təhsil İnstitutu və Azərbaycan Ali Məktəbləri tərəfindən dəstəklənir.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube