E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   “Clarivate Analytics” şirkətinin təmsilçisi LDU-da maarifləndirici seminar keçirib.

“Clarivate Analytics” Təhsil Şirkətinin Təhsil Proqramları üzrə şöbəsinin rəhbəri Valentin Bogorov Lənkəran Dövlət Universitetində (LDU) olub. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov son illər universitetdə ali təhsilin davamlı inkişafına nail olunması,alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verib.2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq sazişinin imzalandığını xatırladan universitet rəsmisi bildirib ki, hazırda Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science®” elmi platformasına çıxış əldə edib və bu universitetlər arasında LDU da var.

“Clarivate Analytics” ilə əməkdaşlığın artıq müsbət nəticələr verdiyini deyən Valentin Bogorov bildirib ki, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. “Web of Science®” elmi bazasında 2017-ci ildə 1160 elmi-tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Həmin məqalələrin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. “Web of Science®” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal “Web of Science®” bazasında indeksləşdirilmişdisə, 2017-ci ildə bu göstərici 7-yə çatıb.

Şirkət təmsilçisi qeyd edib ki, “Clarivate Analytics” şirkəti ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qəbul edilmiş qərar,həmçinin Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planı Azərbaycanda elmin inkişafına böyük təkan verəcək.

Sonra Təhsil proqramları üzrə şöbənin rəhbəri Valentin Bogorov LDU-da professor-müəllim heyəti, doktorant və magistrantların birgə iştirakı ilə “Web of Science®” bazasından istifadə qaydaları, bu şəbəkənin məlumat bazasında yerləşən elmi məqalələr,onlardan istifadə yolları, elmi nəşrlər və sair barədə geniş maarifləndirici seminar keçirib.Seminarda LDU-dan olan alimlərin də bu nəşrlərdə elmi məqalələr çap etdirilməsini yüksək dəyərləndirən V.Bogorov digər əməkdaşları,bütövlükdə Lənkəran Dövlət Universitetini bu qurumla sıx əlaqələr qurmağa dəvət edib, universitet kitabxanasına yeni elmi ədəbiyyat hədiyyə edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Facebook Youtube