E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib.

Zəmanəsinin böyük şəxsiyyəti, filosofu olan, Yaxın Şərqdə müdriklik simvolu kimi tanınan Şeyx Zahid Gilaninin anadan olmasının 800 illiyi münasibəti ilə Türk İşbirliyi və Koordinasiya Agentliyinin maliyyə dəstəyi, AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türkiyə Cümhuriyyətinin Konya Nəcməddin Ərbəkan Universitetinin birgə təşkilatçılığı ilə LDU-da keçirilən “Doğumunun 800-cü ilində Şeyx zahid Gilani” Beynəlxalq simpozium bu gün işini bölmələrdə davam etdirib.

Türkiyə, İran, Bolqarıstan,Azərbaycandan olan alim və tədqiqatçıların “Şeyx Zahid mühiti və mədəni irsimiz”, “Şeyx Zahid ənənələri və Lənkəran bölgəsi”, “Şeyx Zahidin həyatı və fəaliyyəti”, “Şeyx Zahid məktəbinin ardıcılları” bölmələrində 60-dan artıq məruzə və tezisləri dinlənilib.Dinləmələr diskussiya və polemika şəklində , qızğın müzakirə şəraitində keçib.

Beynəlxalq simpoziumun yekun iclasında iki gün davam edən müzakirələr bir daha nəzərdən keçirilib.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov belə mühüm tədbirin məhz LDU-da keçirilməsindən qurur duyduğunu deyib, təşkilatçılara və iştirakçılara minnətdarlıq bildirib.Öz növbəsində Konya Nəcməddin Ərbəkan Universitetinin təmsilçisi, professor Əhməd Taşğın səmimi qarşılanmaya və Beynəlxalq simpoziuma yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə Lənkəran Dövlət Universitetinin rəsmisi professor Natiq İbrahimova təşəkkür edib.

Simpoziumda fəal iştirak edən xarici və yerli alimlərin böyük bir qrupuna LDU-nun sertifikatları və təşəkkürnamələri təqdim edilib.

Şeyx Zahid Gilaniyə ehtiram rəmzi olaraq Beynəlxalq simpozium iştirakçıları şeyxin Lənkəran rayonunun Şıxəkəran kəndində yerləşən məqbərəsini ziyarət ediblər.Tədbir iştirakçıları bu gün həmçinin Lənkəran və Astaranın tarixi və mənzərəli yerləri ilə tanış olublar.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube