E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   “Lənkəranda ən müasir universiteti quracağıq”

Natiq İbrahimov: “LDU-da həyata keçirdiyimiz dəyişikliklər müsbət reaksiya doğurur”

Lənkəran Dövlət Universitetinin fəaliyyəti müstəqillik dövrünü əhatə etsə də, inkişafı son illərdə Azərbaycanda, o cümlədən təhsil sahəsində gedən böyük prosesin nəticəsidir. Universitetdə inkişafa yön verən isə rektor əvəzi, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimovdur.

Rektor vəzifəsini icra etməyə başlayandan keçən müddətdə Lənkəran Dövlət Universitetində görülən işləri indi ölkəmizin ən sanballı, nüfuzlu, hətta adı beynəlxalq reytinq cədvəllərinə düşən universitetləri ilə müqayisə etmək mümkündür.

LDU-da rektor vəzifəsini icra edən Natiq İbrahimov “Azərbaycan müəllimi” qəzetinə vəzifəsinin icrasına başlayandan bəri qarşısına çıxan problemlərdən, universitetin həyatında baş verən yeniliklərdən, dəyişən təhsil mühitindən danışıb.

Tələbələrimizi əsl təhsil ab-havasında qəbul etdik

- Artıq 3 ilə yaxındır ki, Lənkəran Dövlət Universitetinə rəhbərlik edirsiniz. Qarşınıza qoyduğunuz hədəfə nail ola bilirsinizmi?

- Lənkəran Dövlət Universiteti 1991-ci ildən BDU-nun filialı kimi, 1992-ci ildən Universitet kimi fəaliyyət göstərir. Ancaq bir neçə il öncəsinə qədər universitetin həm maddi-texniki bazasında, həm kadr potensialında, həm də laborator təchizatında, eləcə də təhsilin keyfiyyətində ciddi çatışmamazlıqlar mövcud idi. 2016-cı ildə universitetə göndəriləndə qarşıma məqsəd qoyulmuşdu ki, bu vəziyyəti dəyişim. Lənkəranda bir universitet olduğu bu təhsil müəssisəsinin fəaliyyətindən aydın görünməlidir. O qədər problem vardı ki, həllinə hansından başlayacağıma qərar verməkdə çətinlik çəkirdim. Çünki həllini gözləyən problemlərin hər biri bir universiteti ayağa qaldırmaq üçün çox önəmli idi. Təsəvvür edin ki, bir korpus vardı, hətta üçnövbəli sistemlə də orada tələbələri yerləşdirmək mümkün deyildi. Yer çatışmazlığı bu korpusla bağlı yeganə problem deyildi. Ətrafa yayılan xoşagəlməz iy səbəbindən oturub iş görmək mümkün deyildi. Təhsilin keyfiyyətinin artırılması istiqamətində nəzərdə tutduğumuz böyük islahatları bir kənara qoyub bu problemin həllindən başlamalı olduq. Belə bir şəraitdə necə keyfiyyətli təhsil vermək olar ki? Üfunətin mənbəyini araşdıranda öyrəndik ki, sən demə, çirkab suları binanın zirzəmisinə axır. Odur ki, yay semestri başlayan kimi həmin binanın və mikrorayonda yerləşən yararsız binanın əsaslı təmirinə başladıq. Yeni tədris ilinə mövcud binanın təmiri, ikinci tədris korpusunun açılışı ilə başladıq və növbəti dərs ilinə təmiri başa çatdırıb tələbələrimizi əsl təhsil ab-havasında qəbul etdik. Amma yer çatışmazlığını həll etmək mümkün olmadı. 2018-ci ildə də bu problemi həll etmək üçün yollar axtardıq. Mövcud binanın yanında əlavə korpus tikmək üçün imkan vardı və bu imkandan yararlanmağa qərar verdik. Tikintiyə başlamaq üçün söküntü işləri başladı. Çünki orada yarımtikili vardı. 80-ci illərdə texnikum üçün tikilən bina yarımçıq qalmışdı. Yarımçıq binanı kol-kos basmış, köhnə armaturlar, betonlar yığılıb qalmışdı illərlə. Təsəvvür edirsinizmi, həmin tör-töküntünün altından nə qədər ilan çıxdı? Təmizlik işləri xeyli vaxt apardı. Sonra yeni korpusun tikintisinə başladıq. Planımıza görə, növbəti tədris ilinə iki yeni korpus təhvil verəcəyik. Həm birinci korpusa əlavə olaraq tikilən, barəsində danışdığım bu bina hazır olacaq, həm də yataqxana ilə eyni yerdə tikilməkdə olan tədris korpusu. Bu binanın da tikintisinin başlanması oradakı söküntü işlərinə görə xeyli gecikdi. Ancaq hesab edirəm ki, həmin binanı nəzərdə tutulduğu vaxtda istifadəyə vermək mümkün olacaq.

- Təcrübənizdən belə görünür ki, burada daş üstə daş qoymaq üçün əvvəlcə sökmək lazım gəlib?

- Söz ki, sökülməkdən düşdü, söküləcək daha bir binamız da vardı. Universitetin çox bərbad vəziyyətdə olan qonaq evi sökülməliydi. Bunun üçün FHN-ə müraciət etdik, ancaq köhnə bina olması səbəbindən rədd cavabı aldıq. Məcbur olub binanı təmir etdik. Həmin binanı Turizm fakültəsinin turizm bazasına çevirdik. Qonaq evi hazırda turizm bazasından əlavə, həm də otel kimi fəaliyyət göstərə bilər. Otellə bağlı da çox böyük planlarımız var. Hazırda respublika və beynəlxalq miqyaslı hər hansı tədbir keçirsək, qonaqlarımızı burada tam yerləşdirmək imkanımız var. Bunu 2017-ci ilin yayında sınaqdan da çıxartdıq. Universitetin təşkil etdiyi beynəlxalq tədbirə qatılmaq üçün xaricdən gələn bütün qonaqlarımızı burada yerləşdirdik. Düzdür, otel kimi hələlik tam gücü ilə işləmir, universitetin xeyrinə qazanc gətirmir. Ancaq gələcəkdə buna nail olacağımızı düşünürəm. Nəzərdə tutmuşuq ki, müdirindən və təmizlik işçilərindən savayı bütün işləri tələbələr görsün. Tələbələrimiz qonaq olub-olmamasından asılı olmayaraq, hər gün otelə gedirlər. Qida mühəndisliyi və turizm ixtisasları üzrə təhsil alan tələbələrimiz burada təcrübə keçir, ixtisasları üzrə xidmətləri öyrənirlər.

Elektron sistemə keçildi

- Tədrisdə vəziyyət necə idi? Nəyi dəyişə bildiniz, nə qaldı?

- Yeni standartlara uyğun tədris planları işlənilməli idi. Ali təhsil müəssisələrində həyata keçirilən və artıq köhnələn bir çox tətbiqlər Lənkəran Dövlət Universitetinə hələ gəlib çatmamışdı. Özünüz təsəvvür edin, yenicə rektor vəzifəsinin icrasına başlamışam, laborantlardan biri yarım gün icazə almaq üçün qəbula gəlib. Təəccübləndim ki, icazə üçün rektora müraciət etmək lazımdır? Gördüm ki, bu təhsil müəssisəsinin işlək strukturu yoxdur. Odur ki, məsləhətli şəkildə xarici təcrübədən də yararlanaraq işlək struktur yaratdıq. Çox operativ bir struktur oldu. Həmin struktura daxil olan bölmələrin əsasnamələrini yazıb təsdiq etdik və hər birinə öz əsasnaməsini təqdim etdik. Universitetin kafedraları ixtisaslara uyğunlaşdırıldı. Bu struktur islahatları ilə yeni universitet həyatının əsasını qoyduq. İndi hər kəs öz işini, vəzifəsini, məsuliyyətini bilir. Bu struktur həm də optimaldır. Ona görə xərclərimiz də qənaətli olur. Yəni, heç kimi işdən çıxartmadan strukturu optimallaşdırdıq. Bu islahatlar çərçivəsində tyutor xidməti yaratdıq. O vaxta qədər bu təhsil müəssisəsində tyutor xidmətinin nə olduğunu belə bilmirdilər. Bakıdan mütəxəssis dəvət edib kurslar təşkil etdik. 2 aylıq kurs nəticəsində sertifikat alanları işə götürdük. Düzdür, işə götürülən həmin şəxslər bu sahədə təkmilləşəndən sonra digər universitetlərə getdilər. Bu da normaldır. Əsas odur ki, universitet bu sahədə də kadr yetişdirmiş oldu və gedən kadrlara görə özümüzdə boşluq yaranmadı. Çünki artıq universitetin tyutor xidməti qurulub, elektron sistemə keçilib. Universitet saat mexanizmi kimi işləyir. Artıq tədris proqramı da dəyişdirilərək müasir proqramlara uyğunlaşdırılıb. Bəzi ixtisaslar üzrə isə BDU, ADPU, ADİU, ADNSU ilə eyni proqram üzrə mütəxəssis hazırlığı aparılır. Növbəti semestrdən isə ADİU ilə müəllim və tələbə mübadiləsinə qərar verilib. Ancaq tətbiq etmək istədiyimiz çox şey qalıb. Yavaş-yavaş Lənkəranda ən müasir universiteti quracağıq.

- Yeni struktur yaradarkən, ya da hər hansı islahata başlamadan kiminlə məsləhətləşirsiniz? Rektorun məsləhətçisi kimdir?

- Mənim məsləhətçi müşavirim var - professor Mikayıl Məhərrəmov. Tədrislə bağlı məsələlərdə tədris işləri üzrə prorektorla müzakirə edib qərar verirəm. Bir çox hallarda İctimai Şuranın sədri ilə məsləhətləşmələrimiz olur. Onunla ayda azı bir dəfə görüşürəm. Cəmiyyətdə olan siqnalları birgə müzakirə edirik və işimi ona uyğun qururam. Gördüyümüz işlərin necə qarşılandığını, necə qəbul edildiyini də məhz bu görüşlərdə müəyyənləşdirirəm. Elə bu görüşlərdən bilirəm ki, LDU-da həyata keçirdiyimiz dəyişikliklər müsbət reaksiya doğurur.

- Təkbaşına qərar vermirsiniz?

- Niyə ki? Elə qərarlar var ona məşvərət lazım deyil, mənim səlahiyyətim daxilindədir. Universitetdə işə qəbulu həyata keçirən komissiya fəaliyyət göstərir. Daxil olan müraciətləri komissiya dəyərləndirir və həmin şəxsləri müvafiq vəzifələrə onlarla məsləhətləşərək təyin edirəm.

Gələcəyin müəllimləri müasir laboratoriyalarda, aqronomları plantasiyalarda formalaşır

- Ölkədə pedaqoji kadr hazırlayan təhsil müəssisələrinin özünəməxsus öhdəliyi var. Yəni, yaxşı müəllimi, sadəcə tədris proqramını yeniləməklə yetişdirmək mümkün olmur...

- Əlbəttə. Ölkədə bu sahədə böyük işlər görülür. Müasir tələblərə cavab verən pedaqoji kadrların hazırlanması son 5 ilin ən əsas tələblərindəndir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətini təşkil edən bu məsələ bizim də əsas vəzifəmizdir. Vəzifəmizin öhdəsindən gəlmək üçün işə başladığım ilk gündən müvafiq addımlar atmışıq. Bu addımlardan biri kadr hazırlığında xüsusi əhəmiyyət kəsb edən laboratoriyalardır. Müəllim hazırlığının keyfiyyətini artırmaq məqsədi ilə elə ilk iş günümdən etibarən laboratoriyaların təşkilinə diqqət edirəm. 2 laboratoriyanı vəzifənin icrasına başlayan kimi qurduq. Sonradan daha 4 laboratoriya və 4 kabineti də tələbələrimizin istifadəsinə verdik. “Baytarlıq cərrahiyyəsi”, “Aqrokimya” və “Torpaqşünaslıq” laboratoriyaları isə tezliklə qurulacaq. Onu da qeyd edim ki, universitetimizdə olan kimya və biologiya üzrə müəllim hazırlığını təmin edən laboratoriyalar ölkənin digər ali təhsil müəssisələrinin heç birində yoxdur.

- LDU-da neçə ixtisas üzrə tədris təşkil edlib?

- Hazırda universitetimizdə 27 ixtisas üzrə tələbə, 19 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. 2017-2018-ci tədris ilindən 12 ixtisas üzrə doktorantura və dissertantura pillələrində də təhsil təşkil olunub. Ölkə rəhbərinin tapşırığı ilə LDU-ya aqrar və kənd təsərrüfatı ixtisasları da verilib. Regionların inkişafını təmin etmək istiqamətində hazırlığı həyata keçiriləcək həmin ixtisaslar üzrə təhsilin təşkilini səmərəliləşdirmək məqsədi ilə Rusiya istehsalı olan cərrahiyyə kabineti alınıb. 4 yeni laboratoriya qurulub. “Baytarlıq”, “Qida məhsulları texnologiyası”, “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyaları İngiltərə, Amerika, Çin, Rusiya istehsalı olan cihazlarla tam təchiz olunub. Qida və qida təhlükəsizliyi laboratoriyaları qida mühəndisliyi ixtisası üzrə kadrların hazırlanması məqsədi ilə qurulub. Baytarlıq, aqronomluq, torpaqşünaslıq, qida mühəndisliyi üzrə təhsil alan tələbələrin istifadə edəcəyi bu laboratoriya nəzəri biliklərin təcrübədə tətbiqini öyrətmək baxımından universitet üçün çox böyük əhəmiyyət daşıyır. Magistrlər, həmçinin doktorantlar da laboratoriyalardan istifadə edəcəklər. Laboratoriya onların tədqiqat işini maksimum səmərəli apara bilməsinə kömək edəcək.

- Həmin laboratoriyalardan tələbələr istifadə edə bilirlərmi? Ən əsası, müəllimləriniz yeni və müasir avadanlıqlardan istifadə etməyi öyrəniblərmi?

- Laboratoriyada işləyə bilmək üçün avadanlıqları istehsal edən firmanın mütəxəssisləri universitetin müəllimləri üçün treninqlər keçdilər. Həmin treninqlərdə iştirak edən müəllimlər laboratoriyada iş zamanı tələbələrinə kömək edə bilirlər.

- Müasir universitetlər müxtəlif yollarla gəlir əldə edir, hətta tələbələrin təhsil haqqına ehtiyac duymurlar. Sizcə, qurduğunuz müasir laboratoriyalar universitetin gəlir mənbələrindən birinə çevrilə bilərmi?

- Şübhəsiz. Gələcəkdə laboratoriyaların universitetin gəlir mənbələrindən birinə çevrilməsi üçün əlimizdən gələni edirik. Məsələn, “Qida mühəndisliyi” laboratoriyasına qidanın tərkibini müəyyən etmək üçün bütün cihazlar gətirilib. I kurslar ikinci semestrdən başlayaraq laboratoriyadan istifadə edirlər. Yuxarı kurslarda təhsil alan tələbələrimiz bu laboratoriyaların çoxdan daimi istifadəçisinə çevriliblər. Doktorantura pilləsinədək bütün tələbələrimizin ən çox işlədiyi otaq məhz bu laboratoriyadır. Laboratoriyada azot birləşmələrini, nitratın miqdarını müəyyənləşdirmək, ya da modifikasiya olunmuş məhsulu ayırd etmək çətinlik törətməyəcək. Eyni zamanda, həmin laboratoriyaların imkanlarından həm fermerlər, həm də regionda yerləşən digər müəssisə və təşkilatlar yararlana bilərlər. Laboratoriyalar ixtiyari məhsulun tərkibini tam təyin etmək qabiliyyətindədir. Eyni zamanda, torpağın tərkibini tam öyrənərək fermerlər üçün təkliflər vermək imkanımız da var.

- LDU-nun çay plantasiyaları, dəmirağacı bağları, limon, narıngi istixanaları barədə də eşitmişik...

- Bəli, 3.2 hektar ərazidə çay və sitrus bağı salmışıq. Damcı üsulu ilə suvarma sistemi qurulub. Ölkədə elektrik böhranı yarananda xeyli bitkilərimiz məhv oldu. Biz də bu hadisədən dərs çıxarıb damcı üsulu ilə suvarma sistemi qurduq. Bu üsulla həm bitkinin daim sulanması təmin edilir, həm də suya qənaət. 5 hektar əlavə sahə almışıq. Orada da kənd təsərrüfatı bitkiləri becəririk. Ötən məhsul mövsümündə pomidora qədər hər şey əkmişdik. Düzdür, becərdiyimiz, ərsəyə gətirdiyimiz məhsuldan hələlik maddi qazanc əldə edə bilmirik. Ancaq universitet olaraq üzərimizə götürdüyümüz missiyanı yerinə yetirə bilirik. Tələbələrimiz arpadan, buğdadan tutmuş pomidora, sarımsaq, soğana qədər bütün məhsulların yetişdirilmə prosesini gördülər və öyrəndilər. Ən böyük qazancımız da məhz bu oldu.

Lənkəranda müasir təhsil mühiti

- Artıq Avropa tələbə mühitini qurmağa başlamısınız?

- Tam elə deməzdim. Lənkəran Dövlət Universitetində müasir təhsil mühiti olmalıdır. Tələbə üçün təhsilin əlçatanlığı təmin edilməlidir. Gələcəkdə Lənkəran Dövlət Universitetinin çox müasir kampusu olacaq. Burada müəllimlər üçün evlər, kafe, yataqxana qururuq. Növbəti tədris ilində artıq yataqxana da tələbələrin ixtiyarına veriləcək. Bu, tələbə ilə müəllimin işləməsi üçün də əlverişli olacaq. Müəllimə də, tələbəyə də əlaqə saxlamaq imkanları yaradılacaq. Bu da o deməkdir ki, tələbə hər hansı sualına cavab tapmaq üçün növbəti günü gözləməyəcək. Hazırda universitetin 50 nəfərlik qızlar yataqxanası var. Ancaq tezliklə 160 yerlik, beşmərtəbəli yeni yataqxana binası da təhvil veriləcək. İndi həmin binanın da tikintisi davam edir. Bina keçmiş Peşə liseyinin LDU-nun balansına verilmiş qəzalı yataqxana binasının yerində tikilir. Yaşayış sahəsi 1100 kvadratmetr olacaq yataqxana binasında tələbələrin normal istirahəti, asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq. Burada kompüter otaqları, kitabxana, xidmət otaqları fəaliyyət göstərəcək.

- Ancaq qızları düşünürsünüz. Bəs, oğlanlar?

- Bina məhz elə oğlanlar üçün nəzərdə tutulur.

Lənkəran Dövlət Universiteti son 2 ildə bir çox ilklərə imza atıb. Ancaq bunların ən önəmlisi tədrisdə keyfiyyəti artırmalarıdır. Bəs, buna necə nail olublar? Universitetin rektor əvəzi Natiq İbrahimov “Azərbaycan müəllimi”nə müsahibəsində tədrisdə müəllimdən başlayan keyfiyyət dəyişikliyinə doğru addım-addım irəlilədiyi yola bələdçilik edib:

- Keyfiyyətli təhsil müəllimdən başlayır. Rəhbərlik etdiyiniz universitetdə verilən təhsilin keyfiyyətini artırmaq üçün bu sahədə hansı tədbirlər görülür?

- Yəqin siz də qəbul edərsiniz ki, yüksək maaş verən universitetin müəllimlərə, dosentlərə etdiyi təklifdən imtina olunmur. LDU-da müəllimlərin maaşı 600 manatdan başlayır. Halbuki Bakıdakı universitetlərin bəzilərində bu məbləğ 400 manatdır. Azərbaycan Milli Elmlər Akademiyasında çalışan və təqribən 450 manat əməkhaqqı alan, əslən bu bölgədən olan dosentə 1000 manat əməkhaqqı təklif etdik və təklifimiz qəbul olundu. Odur ki, artıq universitetin müəllimə olan ehtiyacını ödəyə bilmişik. 150 müəllimimiz arasında elmlər doktorlarının sayı artıb. Yüksək maaş sadəcə müəllimlərin əməkhaqqında deyil. Bizdə vəzifə maaşları da digər universitetlərlə müqayisədə yaxşıdır. Müəllim 600 manat, baş müəllim 800-dən çox, dosentlər 900 manat, professor və kafedra müdirləri 1100 manat maaş alırlar. Müəllimlərə başqa yerdə işləmək imkanı da yaradılıb. Akademiyanın regional bölməsində işləyənlər, LDU-da yarımştat çalışanlar var. Dərslər əvvəllər 8.00-da başlayıb, axşam 19.00-da bitirdi. Artıq 8.30-da başlayıb 17.30-da bitən ikinövbəli dərs sistemini yekunlaşdırırıq. Üstəlik, cədvəllər tələbələrin seçimi əsasında, müəllimlərin vaxtına uyğun qurulur. Yarım saat fasilə var. Birinci və ikinci növbə üzrə təhsil alanların dərsləri toqquşmur. Dünyada tətbiq edilən bu qaydanı müəyyən qədər özümüzünküləşdirərək tətbiq edir, uğurlu nəticələr əldə edirik. Bununla yanaşı, son iki ildə LDU üçün elmi-pedaqoji kadrların hazırlanması məqsədilə universitetə fəlsəfə doktoru proqramlarına doktorantura və dissertanturaya müxtəlif ixtisaslar üzrə 40-dan çox gənc qəbul olunub, həmçinin 5 nəfər digər ali məktəblərə məqsədli yerlərə göndərilib. Eyni zamanda, son 2 ildə müxtəlif ixtisaslardan elmlər doktoru proqramı üzrə 11 nəfər fəlsəfə doktoru Bakı Dövlət Universitetinə, 2 nəfər fəlsəfə doktoru isə Azərbaycan Dövlət İqtisad Universitetinə təhsil almaq üçün ayrılan məqsədli yerlərə göndərilib. Nəticədə bir neçə ildən sonra universitetimizdə çalışan elmlər doktoru və professorların sayının bir neçə dəfə artması gözlənilir. Bunu ölkəmizdə ilk dəfə Lənkəran Dövlət Universiteti tətbiq etdi. Bu, çox vacib məsələdir. Fəlsəfə doktoru hazırlamaq üçün universitetin özünün gücü yoxdur. Bu, universitetin canlanması üçün çox vacibdir.

- Müəllimlərinizin yaş tərkibi də maraqlıdır. Aralarında gənclər çoxdur, yoxsa..?

- Universitetimizdə gənclərin fəaliyyətinə xüsusilə diqqət yetiririk. LDU hazırda ən yaxşı inkişaf mərhələsini keçir. İş bacaranlardan ibarət böyük bir komanda universitet rəhbərliyində təmsil olunub. Universitet cavan olduğu üçün İdarə Heyəti də cavanlardan ibarətdir. Ümumiyyətlə, xaricdə təhsil alan gəncləri universitetə dəvət edirik. Bu məsələdə əlimdən gələni əsirgəmirəm. Yaxşı kadrları dəvət etmək üçün bəzən müdafiə etdiklərinə dair təsdiq sənədini almalarını belə gözləmirəm. Gənc müəllimimizdən birini məhz belə etdik. Hələ Ali Attestasiya Komissiyasından təsdiqini almadan, bizim universitetdə işə başladı. Onu da qeyd edim ki, universitetdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İdrak Əsgərov gənc mütəxəssislərdən biridir.

- Universitetə ancaq bu bölgədən olan müəllimləri dəvət edirsiniz?

- Bəli, əsasən bu bölgədən olanlara üstünlük verdik. Lakin seçki üsulu ilə başqa bölgələrdən olanlar da universitetdə işlə təmin olunurlar.

- Əslən bölgədən olanlara üstünlük verilməsi müəllimlərin yaşayacağı, qalacağı yerin olması ilə əlaqədardır?

- Xeyr. Bu, onların bölgəyə yaxından bələd olmaları ilə əlaqədardır. Məqsədimiz LDU-nun müəllimə olan çox böyük ehtiyacını ödəmək idi. İndiyədək 10 nəfər müəllim gəlib. 7 nəfəri əslən bu zonadan olsa da, Bakıda yaşayandır. Qalmaq üçün yerə gəlincə, bunu universitet özü təmin edir. Qalmağa evi olmayanları hər cür şəraiti olan mənzillərdə yerləşdirdik. Bu məqsədlə Azərbaycanda ilk dəfə olaraq müəllimlər üçün yaşayış evləri tikdik. İlkin mərhələdə 6 ikiotaqlı mənzil tikib hazırladıq. 6 mənzil tikməklə 7 müəllimin gəlməsini reallaşdırdıq. Onu da deməliyəm ki, ilk mərhələdə həmin 7 müəllimin gəlişi universitetin işinə böyük dəstək oldu. Sonrakı mərhələdə dəvət olunan müəllimlər üçün də 10 nəfərlik qonaq evi yaradıldı.

- Mənzillər müəllimlərə hansı şərtlərlə verilib?

- Hər biri ilə razılaşmışıq ki, LDU-da işlədikləri müddətdə həmin mənzillərdə qeydsiz-şərtsiz, pulsuz yaşayacaq, gedəndə isə götürdükləri mənzilləri aldıqları kimi təhvil verəcəklər.

Yüksək bal toplayanlar arasında universitetimizi seçənlərin sayı artdı

- Bu tədris ilində 500-600 və ondan daha yüksək bal toplayanların seçdiyi universitetlər arasında Lənkəran Dövlət Universitetinin də adı vardı. Yəqin bu da tədrisin keyfiyyətində özünü göstərəcək?

- Keyfiyyətdə əsas nəticəmiz 4 il sonra bilinəcək. Amma bu tədris ilində qəbulumuz, sözün əsl mənasında, yaxşı oldu. Yerlərimiz 90 faiz doldu. Yüksək bal toplayanlar arasında universitetimizi seçənlərin sayı artdı.

- Bu, payız imtahan sessiyasında hansısa fərq yaratdımı? Keyfiyyətli təhsilə nail olmaq üçün imtahanlarda da ciddi dəyişikliklər etmisiniz...

- Universitetdə imtahan sistemi dəyişdirilib. İmtahanlar tamamilə şəffaflaşdırılıb. İctimai Şura yaradılıb, bütün imtahanlar ictimaiyyət nümayəndələrindən ibarət şuranın nəzarəti altında keçirilir. Yazılı aparılan imtahanlarda 5 sual qoyulur. Hər sualın cavabı ayrıca bir vərəqdə yazılır, ayrı-ayrı kodlaşdırılaraq müəllimlərə paylanır. Bu qayda ilə müəllimlər bir yerdə yoxlasalar belə, yazıların kimə aid olduğunu müəyyənləşdirə bilməzlər.

- İmtahanların hamısı yazılı olmur?

- Əlbəttə, yox. Elə fənlər var ki, tələbə ona şifahi də cavab verməlidir. Məsələn, ingilis dili müəllimliyində şifahi tərcümə fənni var. Bu fənn üzrə imtahanı yazılı necə götürmək olar? Ona görə də bəzi fənlər üzrə imtahanlar şifahi götürülür.

Vəziyyətdən kim razıdır, kim narazı?

- Universitetdə baş verən dəyişiklik necə qəbul edilir? Daha doğrusu, qəbul edilirmi? Neçə illik ənənəni dəyişdirirsiniz. Müqavimət olmurmu?

- Aşağı kurslarda oxuyan tələbələr vəziyyətdən razıdır. Ancaq IV və V kurs tələbələri arasında vəziyyətdən narazılar var. Başqa cür qiymət almağa alışdıqlarından şəffaflıq və obyektivlik ürəyincə olmayanlar var. Ancaq hətta narazılar belə, indiki universitetin fərqini anlayırlar. Bir neçə tələbəmiz başqa universitetlərə köçürülmüşdü, bəziləri yenidən qayıtdı. Siz təsəvvür edin ki, Bərdədən tələbəmiz oxuyur, halbuki Bərdədə evinin yanında universitet var. Yaxınlığındakı ali məktəbləri qoyub Lənkəran Dövlət Universitetində təhsil almağa üstünlük verənlər çoxdur. Düşünürəm ki, belə gənclərin sayı növbəti tədris illərində daha da artacaq.

- Söhbət cəmi 25 illik tarixi olan universitetdən gedir, ancaq 100 yaşı olan ali təhsil müəssisələri ilə rəqabətə hazırsınız?

- Bunun üçün əlimizdən gələni edirik.

Bəlkə bu barədə danışmaq hələ tezdir, ancaq biz Lənkəran Dövlət Universitetini xarici ölkələrin ali təhsil müəssisələri ilə rəqabət gücünə malik bir təhsil ocağına çevirməyi qarşımıza məqsəd qoymuşuq. Macarıstanla sıx əlaqələr qurmuşuq. Həmin ölkənin universitetlərindən biri ilə qarşılıqlı gediş-gəlişimiz var, tələbə mübadiləsi həyata keçiririk. Tələbələrimizi həvəslə gözləyirlər.

Bizdən 10, hətta 15 tələbə qəbul etməyə hazırdırlar. Ancaq bəzən bu cür imkanları dəyərləndirə bilmirik. Tələbələrin xaricə gedə bilməsində yeganə əngəl onların xarici dil bilməməsidir. Bu əngəli aradan qaldırmaq üçün tələbələrimizlə əlbir olmuşuq. Bəziləri kurslara gedir, bəziləri üçün isə özümüz dil kursları təşkil edirik. “ERASMUS” mübadilə proqramının verdiyi imkanlardan istifadə etməyə çalışırıq. Artıq bu imkanlardan yararlanan 5 tələbə və 2 müəllimimiz olub. “Mövlanə”, yaxud “ERASMUS” kimi mübadilə proqramları ilə tələbələrimiz xarici universitetlərdə olub. Ancaq biz istəyirik ki, birbaşa müqavilə ilə xarici universitetlərə tələbə göndərək. Müqavilələrimiz artıq var. Tələbələrimizin hazır olmasını gözləyirik.

- Müqavilələriniz hansı ölkə və universitetlərlədir?

- Hazırda Lənkəran Dövlət Universiteti 50-yə yaxın universitet, institut və təşkilatla əməkdaşlıq edir. Təhsil və elm sahəsində imzalanan ikitərəfli əməkdaşlıq müqavilələrinin çoxu 2017-2018-ci illərə aiddir. Məsələn, Macarıstanın Kapoşvar Universiteti ilə bu il imzalanan müqavilə tərəflərin üzərinə elmi nəşrlərin mübadiləsi, elmi məlumat və yeniliklərin - birgə konfrans, simpozium və seminarlar çərçivəsində təşkili və keçirilməsi, aqrar ixtisaslar üzrə tələbə-müəllim heyətinin mübadiləsi, magistr və doktorant-dissertantlara birgə elmi rəhbərlik kimi vəzifələr qoyub. Polşanın Rzesov və Bıdqoş İqtisadiyyat universitetləri, Türkiyədəki Amasya, Beykent, İstanbul Kültür, Sinop, Çukurova, Kavkas (Kars) universitetləri, Üsküdar və Avrasiya universitetləri ilə müqavilələrə görə qarşımızda böyük yol dayanıb. Elmi-tədqiqat xarakterli beynəlxalq konfranslarda iştirak edəcək, elmi nəşrlərin çap edilməsi, müvafiq ixtisaslar üzrə tələbə-müəllim mübadiləsi həyata keçirəcək, ortaq tədqiqat layihələrini birgə işləyəcəyik. Amasya Universiteti ilə əməkdaşlıqdan elm və tədqiqat sahəsində birgə fəaliyyət, tələbə-müəllim mübadiləsi, seminarlar və akademik görüşlərdə iştirak nəzərdə tutulub. Beykent Universitetilə müqavilədə tələbələrin, akademik, elmi və inzibati heyətin mübadiləsi, elm və tədqiqat sahəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər təhsil, elmi və akademik əməkdaşlıq, nəşrlərin, elmi məlumatların mübadiləsi nəzərdə tutulub. İstanbul Kültür Universiteti akademik, təhsil və elm sahələrində əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, elmi nəşrlərin, elmi məlumatların mübadiləsi, Sinop Universiteti ilə elmi, akademik sahələrdə əlaqələrin gücləndirilməsi üçün müəllim-tələbə-tədqiqatçıların mübadiləsi, ortaq konfrans, seminarlar, görüşlərin, ortaq yay məktəbinin təşkili nəzərdə tutulub. Ötən il Kavkas (Kars) Universiteti ilə bağlanan müqaviləyə əsasən, nəinki bütün səviyyələrdə akademik heyət və tələbə mübadiləsinin aparılması, həmçinin birgə idman fəaliyyətinin və elmi görüşlərin təşkil edilməsi planlaşdırılıb. İstənilən sahədə tədqiqat aparmaq, layihələr yazıb həyata keçirmək, elmi işlər üzərində birgə işləmək hər iki universitetin həyatında canlanmaya səbəb olacaq. Üsküdar Universiteti ilə ortaq tədqiqat işlərinin həyata keçirilməsi, fakültə əməkdaşlarının və tədqiqatçıların mübadiləsi, ikili diplom proqramlarının hazırlanması və həyata keçirilməsi, Avrasiya Universiteti ilə tələbə mobilliyi, akademik əməkdaşlıq, birgə layihələrin işlənməsi, birgə simpoziumların, konfransların təşkili və keçirilməsi ötən ilin uğurlarından sayılır. Rusiya və Polşa universitetləri ilə əməkdaşlıqların əsasını qoymaq baxımından da bizim üçün uğurlu olub. Bıdqoş İqtisadiyyat Universiteti ilə birgə elmi tədqiqatların aparılması, tələbə mübadiləsi, ortaq layihələrin işlənməsi, dərc olunmuş materialların mübadiləsi məqsədilə sövdələşmişik. Rusiyanın Ural Dövlət Aqrar Universiteti ilə birgə elmi konfrans və seminarların keçirilməsi, materialların, proqramların, nəşrlərin mübadiləsi, qarşılıqlı maraq doğuran layihələrin işlənməsi razılaşdırılıb. Başqırdıstan Dövlət Aqrar Universiteti, Puşin Dövlət Təbii Elmlər İnstitutu, Samara Dövlət İqtisad Universiteti ilə birgə elmi konfrans və seminarların keçirilməsi, materialların, proqramların, nəşrlərin mübadiləsi, elmi tədqiqatın inkişafı, tədris-təlim və ictimai-mədəni əməkdaşlıq, yeni texnologiya və üsullar üzrə təcrübə mübadiləsi, elmi kadrların hazırlanmasında qarşılıqlı köməkləşmə, gənc alimlərin, tədqiqatçıların, müəllim-tələbə heyətinin mübadiləsi buradakı hər kəsin uğurudur. Rusiyada elm və təhsil proqramlarının birgə işlənməsi və həyata keçirilməsi, innovativ yeniliklərin birgə işlənməsi, professor-müəllim heyətinin, magistrant, doktorant, dissertantların mübadiləsi və elmi məqalələrinin impakt faktorlu jurnallarda birgə nəşri, Belarus Dövlət Aqrar Texniki Universiteti ilə yüksək ixtisaslı və təcrübəli kadrların hazırlanması, elmi nəşrlər və materialların mübadiləsi, texnika və texnologiya sahəsində təcrübə mübadiləsi məsələlərində razılığa gəlinib. “ERASMUS +” üzrə Türkiyənin Qazi Universiteti, Üsküdar Universiteti və İğdır Universiteti, “Mövlanə” mübadilə proqramı çərçivəsində Adıyaman, Batman, Çukurova, Yalova, Munzur, Kafkas (Kars) universitetləri, həmçinin İğdır, Kocaeli, Artvin-Çoruh, Kastamonu, Sakarya, Sinop, Qazi universitetləri ilə müqavilələr imzalanıb. Bulent Ecevit Zonguldak Universiteti ilə 2017-ci ildə bağlanan əməkdaşlığın da ömrü uzun olacaq.

- Ölkəmizdəki ali məktəblərlə əlaqələriniz necə qurulub?

- Onlarla da müqavilələrimiz var. Məsələn, Bakı Dövlət Universiteti ilə elm və təhsil sahəsində əməkdaşlıq haqqında müqavilə, Bakı Mühəndislik Universiteti ilə elmi-texniki əməkdaşlıq protokolu, Bakı Avrasiya və Azərbaycan Dövlət Neft və Sənaye universitetləri ilə akademik elmi əməkdaşlıq protokolu imzalamışıq. Xəzər Universiteti ilə “Erasmus” mübadilə proqramı çərçivəsində əməkdaşlığa başlamışıq. Bundan başqa, Azərbaycan Dövlət İqtisad Universiteti ilə tələbə-müəllim mübadiləsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə mütəxəssis hazırlığı nəzərdə tutulub. Sadəcə, universitetlərlə də əməkdaşlıq etmirik, müxtəlif qurumlarla fərqli məsələlərdə razılaşmalarımız var. Məsələn, keyfiyyətli mütəxəssis hazırlığı haqqında Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu, mütəxəssis hazırlığı, elmi-tədqiqat haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə əməkdaşlıqlara imza atmışıq. Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu, “Standard İnsuarance” sığorta şirkəti ilə qarşılıqlı əməkdaşlıqla əlaqədar razılaşmışıq. “Azercell Telecom” MMC ilə elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparacağıq. “Maarifçi” Tələbə Kredit Fondu ilə təhsil sahəsində əməkdaşlıq müqaviləsi, Azərbaycan Respublikası Auditorlar Palatası ilə kadr hazırlığı, elmi-tədqiqat işləri ilə bağlı əməkdaşlıq sazişi bağlanıb.

LDU-nu qazanan üçün keyfiyyətli təhsil, bitirən üçün isə iş əlçatandır.

- Təhsil haqqı və onun ödənişi qaydaları universitetinizi əlçatan edir, yoxsa əksinə?

- Təhsil haqqının ödənilməsində tələbələrimizi sıxışdırmırıq. Birinci kurslar da daxil olmaqla, tələbələrimizə hissə-hissə ödəniş üçün imkan yaratmışıq. Birinci kurslar təhsil haqqının yarısını ödəmək imkanına malikdir. Onların heç birini təhsil haqqına görə qapıdan qaytarmırıq.

İllik ödənişin yarısını ödəyən hər tələbəyə təhsil almaq üçün şərait yaradılıb. Hesab edirəm ki, bu, daha ədalətlidir. Bəlkə tələbə ikinci semestrdən təhsilini başqa yerdə davam etdirəcək. Ona görə də təhsil haqqı məsələsində hər hansı şərt qoymuruq.

- Yerdəyişənlər çox olur?

- 2018-2019-cu tədris ilindən 18 nəfər LDU-ya transfer olunaraq bizdə təhsil almağa başlayıb. Onlardan 4 nəfəri ötən semestrlərdə gedənlər idi, geri qayıtdılar. Eyni zamanda təxminən 30 tələbə bizdən başqa ali məktəblərə transfer olunub.

- Bəs, məzunlarınız? Onları müraciət etdikləri iş yerlərindən geri qaytarmırlar ki?

- Əksinə, məzunlarımız bu il ali məktəbi bitirən kimi iş tapdılar. Laboratoriyalarda hazırlanan kadrlar iş yerində çətinlik çəkmir və kadrlarımızın hazırlıq səviyyəsi işverənin tələblərinə cavab verir. Təhsilin keyfiyyətinin artması məzunlarımıza olan tələbatı da artırıb. Mənə verilən məlumata görə, məzunlarımızın əksəriyyəti müsahibə mərhələsini uğurla başa vuraraq, müəssisə və təşkilatlarda asanlıqla işə qəbul olunurlar. Lənkəranda 2 dəfə məzun yarmarkası keçirilib. Birinci dəfə yüzdən çox, ikinci dəfə iki yüzdən çox tələbəmiz iş yeri tapıb. Hətta çay fabriki tələbəmizi hələ məzun olmadan işlə təmin edib. Bu, kadr hazırlığında keyfiyyətə nail olduğumuzu göstərir.

Ruhiyyə Daşsalahlı

"Azərbaycan müəllimi" qəzeti, 01-08 Fevral 2019

Facebook Youtube