E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU-nun tədris-təcrübə bazasından istifadə məktəblilər üçün faydalı oldu.

Bu sözləri Lənkəran şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimov ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin icrası ilə bağlı görülən işlərə münasibət bildirərkən deyib.Rayonun təhsil rəsmisi Lənkəran Dövlət Universitetinin (LDU) Lənkəran şəhərinin tam orta məktəbləri ilə əməkdaşlığını hər iki tərəf üçün faydalı hesab edib:”LDU-nun müasir laboratoriyalarından istifadə, burada ixtisaslı müəllimlərin iştirakı ilə aparılan praktik məşğələlər, keçirilən nümunəvi dərslər yuxarı sinif şagirdləri , kimya və biologiya fənlərini tədris edən müəllimlərimiz üçün çox faydalı oldu.Universitetin professor-müəllim heyətinin dedikləri mühazirələr yuxarı sinif şagirdlərində ali məktəblə bağlı əyani təsəvvürün formalaşmasına müsbət təsir göstərdi. Əminəm ki, şagirdlərimiz universitetdəki şəraiti, sağlam ab-havanı, yeniləşən tədris bazasını, yüksək ixtisaslı müəllimləri görüb gələcəkdə məzun kimi seçim edəndə, məhz bu ali təhsil ocağına üstünlük verəcəklər.Məktəblilərə yaradılan şəraitə görə rayonun təhsil işçiləri adından Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla, universitetin layihədə zəhməti keçən professor-müəllim heyətinə minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” əmrinə əsasən, Lənkəran Dövlət Universiteti Lənkəran, Astara , Yardımlı rayonlarının tam orta məktəbləri ilə əməkdaşlıq edir.

Bu il 4-13 fevral tarixində pilot layihə çərçivəsində Lənkəran şəhərinin 7, 9 10 saylı tam orta məktəblərinin və Xarici Dillər Təmayüllü Gimnaziyanın yuxarı sinif şagirdləri üçün kimya və biologiya fənlərindən nümunəvi açıq dərslər və laboratoriya məşğələləri keçirilib. Nümunəvi açıq dərsləri və məşğələləri universitetin kimya və fizika kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent İsa Hüseynov, dosent Gülbəniz Qədirova, kafedranın müəllimi Tərlan Ağazadə, bilogiya və tibbi biliklər kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru , dosent Məhəmmədhüseyn Hüseynov,müəllim Murad Şahverdiyev aparıb.Açıq dərslərdə nəzəri bilgilərlə yanaşı, şagirdlərə praktiki vərdişlər də aşılanıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, bu gün Xarici Dillər Təmayüllü Gimnaziyanın yuxarı sinif şagirdlərinə kimya və biologiya fənlərindən nümunəvi dərslər keçirilib.Gimnaziyanın kimya müəllimi Tofiqə Nuriyeva, biologiya müəllimi Zəhra Nəsirova layihəni yüksək dəyərləndirərək şagirdlərin ixtisas və ali məktəb seçimlərinə müsbət təsir edəcəyini, praktik vərdişlərə yiyələnmələrinə yardımçı olacağını bildiriblər.

Qeyd edək ki, layihə davamlı olacaq və mart ayında, yaz tətili günlərində Astara və Yardımlı rayonlarının tam orta məktəblərinin yuxarı sinif şagirdlərinə də LDU-nun tədris-təcrübə bazasından yararlanmaq imkanı yaradılacaq.

Facebook Youtube