E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Lənkəran Dövlət Universitetində bayram ovqatlı “Novruz mühazirəsi”.

Respublika Təhsil Nazirliyinin təşəbbüsü ilə Lənkəran Dövlət Universitetində (LDU) “Bakı Dövlət Universiteti-100:tarix və gələcəyin tandemi” mövzusunda İlk “Novruz mühazirəsi” keçirilib.Od çərşənbəsi gününə təsadüf edən bayram ovqatlı tədbir maraqlı, rəngarəng, rəsmilkdən uzaq olması, milli koloritliyi ilə yaddaqalan olub, iştirakçılara əsl Novruz əhval ruhiyyəsi bəxş edib.

Tədbir mühazirə iştirakçılarının Lənkəran Dövlət Universiteti ilə tanışlığından başlayıb.Universitetin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş modern laboratoriyalarla, fənn kabinələri ilə tanışlıq, tələbələrin praktik hazırlıq səviyyəsi qonaqları razı salıb.Respublikada ilk dəfə olaraq məhz Lənkəran Dövlət Universitetində müəllimlər üçün tikilmiş xidməti mənzilllər, orada yaradılan şərait, yeni istifadəyə verilmiş tələbə yeməkxanası ilə tanışlıq da iştirakçılarda xoş təəssürat yaradıb.Tədbir iştirakçılarına həmçinin tikilməkdə olan 160 yerlik tələbə yataqxanası və yeni tədris korpusunda inşaat işlərinin gedişi ilə əyani tanış olmaq imkanı yaradılıb, məlumat verilib ki, növbəti tədris ilinə kimi həm yataqxana, həm də tikilməkdə olan 2 tədris korpusu tələbələrin ixtiyarına veriləcək.

LDU-da son iki il ərzində reallaşan möhtəşəm layihələrdən biri də universitetin özünün turizm tədris-təcrübə bazasının olmasıdır.Xəzər dənizinin sahilində yerləşən baza ilə tanışlıq iştirakçılar üçün maraqlı oldu. Tələbələrin praktik vərdişlərə yiyələnməsində, peşəkar mütəxəssis kimi yetişməsində turizm tədris –təcrübə bazasının rolu xüsusi vurğulanıb.

“Novruz mühazirəsi”nin ən yaddaqalan məqamlarından biri də bazanın ərazisində BDU-nun 100 illk yubileyi münasibəti ilə 100 ağac əkilməsi olub.Dekorativ və uzun ömürlü ağacların əkilməsi rəmzi məna daşıyıb-həm Novruz bayramı ərəfəsi ağac əkməyin savab əməl olması, həm də təhsilimizin inkişafının simvolu kimi.Ağacəkmə aksiyasına qatılan Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov , xalq artisti Nurəddin Mehdixanlı, təhsil ekspertləri proffesor Şahlar Əsgərov, Etibar Əliyev, professorlar Anar İsgəndərov, Şikar Qasımıv,Əfsun Sucayev , media nümayəndələri və digər rəsmilər ağac əkini zamanı arzularını bölüşərkən bildiriblər ki, BDU-nun 200 , LDU-nun 100 illk yubileylərində bu ərazi əsl parkı xatırladacaq və bu günkü tədbirdən nişanə olacaq.

Tədbirin əsas mövzusu olan “Novruz mühazirəsi” universitetin böyük akt zalında keçirilib.Burada paytaxtdan gələn qonaqlar, LDU-nun professor-müəllim-tələbə heyəti ilə yanaşı Lənkəran rayonunun təhsil işçiləri də iştirak edib.

Ev sahibi kimi iştirakçıları salamlayan universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara bayram təbrikini çatdırıb, BDU-nun 100 illk yubileyi ilə bağlı ilk tədbirin məhz Lənkəran Dövlət Universitetində keçirilməsindən qürur hissi duyduqlarını deyərək yüksək etimada görə təhsil nazirliyinə minnətdarlıq edib, son illərdə LDU-da aparılan işlərin,aparılan təhsil islahatlarının davamlı olacağını bildirib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi həyatında oynadığı roldan danışaraq təhsil naziri Ceyhun Bayramovun bayram təbrikini iştirakçılara çatdırıb.Nazir müavini Məhəbbət Vəliyeva son illərdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Təhsilin cəmiyyətin bünövrəsi olduğunu deyən nazir müavini tərəqqi və inkişafın məhz bu bünövrədən başladığına diqqət çəkib. Məhəbbət Vəliyeva qeyd edib ki, şagirdlərin azərbaycançılıq məfkurəsinə sadiqlik, vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər bir təhsil işçisinin ümdə vəzifəsi olmalıdır.

Nazir müavini 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetinin Azərbaycanın təhsil tarixində mühüm yerə malik olduğunu bildirib. Qeyd edib ki, BDU-nun keçdiyi şərəfli yol və ənənələri digər universitetlərə də örnək olmalıdır. Nazir müavini BDU-nun mənəvi varisi olan Lənkəran Dövlət Universitetinin də bu ənənələrə sadiq qalacağına əminliyini bildirib.

Nazir müavini həmçinin Lənkəranda yerləşən ümumi təhsil müəssisələrinin LDU-nun texniki bazasından istifadə etdiklərini təqdir edib. Bildirib ki, universitetlərlə ümumi təhsil müəssisələrinin əlaqəsinin artırılması zəruridir.

Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərovun təqdimatında “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” adlı “Novruz mühazirəsi” dinlənilib. Mühazirəçi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, tarixi, inkişaf mərhələri barədə danışıb. Bildirib ki, Bakı Dövlət Universitetinin keçdiyi şərəfli yol Azərbaycanın elm və təhsil tarixinin parlaq səhifəsidir.

Anar İsgəndərov vurğulayıb ki, 100 illik tarixi dovrundə BDU-nu 174500 tələbə bitirib, onların 4200-ə qədəri əcnəbilərdir. Bu, bir daha sübut edir ki, Azərbaycanda BDU məzununun işləmədiyi dövlət qurumu yoxdur.

Anar İsgəndərov bu elm və təhsil məbədinin mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında duran prioritetlər barədə də danışıb.

Daha sonra çıxış edən təhsil eksperti Şahlar Əsgərov, kimya elmləri doktoru Əfsun Şucayev, Lənkəran Dövlət Universitetinin professoru Yədulla Ağazadə, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva “Növruz mühazirələri”nin fəlsəfəsi və əhəmiyyətindən danışıb, belə tədbirlərin davamlı olaraq keçiriləcəyinə əminliklərini bildiriblər.

Sonra universitetin 1 saylı tədris korpusunda müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq”, “Qida məhsulları texnologiyası”, “Qida təhlükəsizliyi və ekologiyası” və “Aqrokimya” laboratoriyaları və sitrus bağı ilə tanışlıq olub.

Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb.İştirakçılar Lənkəranın Novruz şirniyyatlarını, limonlu çayının dadına da baxıblar.Sonda xatirə şəkilləri çəkilb.

Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

Facebook Youtube