E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   LDU ASC “Standard İnsuranse” ilə əməkdaşlıq edəcək.

Lənkəran Dövlət Universiteti (LDU) ilə ASC “Standard İnsuranse” arasında qarşlıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və ASC”Standard İnsuranse”-nin İdarə Heyətinin sədri Anar Sadıxovun birgə imzaladığı müqavilə hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açır.

Müqaviləyə əsasən, təcrübəçi tələbələrin bilik və bacarıqlarının daim artırılması məqsədi ilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı təşkil ediləcək, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstəriləcək, tələbələrin şirkətin bazasında istehsalat təlimi və təcrübə keçmələrinə şərait yaradılacaq, birgə istehsalat təlimləri təşkil ediləcəkdir.

Şirkətin nümayəndə heyətini qəbul edən professor Natiq İbrahimov onlara universitet barədə ətraflı məlumat verib, peşəkar kadr hazırlığı istiqamətində son illərdə görülən işlərdən, tələbələrə praktik vərdişlərin aşılanmasının vacibliyindən söz açıb, bu sahədə müəyyən uğurlara nail olduqlarını bildirib.Şirkətlə əməkdaşlığın universitet üçün faydalı olacağını deyən N.İbrahimov bu addımın universitet məzunlarının işlə təminatına müsbət təsir edəcəyini xüsusi vurğulayıb.Həmçinin qeyd edib ki, bundan sonra tələbə və magistrlərə sığorta ilə bağlı əlavə fənnlərin də tədrisi nəzərdə tutulur ki, hazırlanan kadrların səviyyəsi yüksək olsun, işçı bazarında onlara olan tələbləri ödəsin.

Şirkətin İdarə Heyətinin sədri Anar Sadıxov “Karyerada ilk addımlar” layihəsi, tələbə- tədris proqramı çərçivəsində ölkənin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq etdiklərini, gəncləri maarifləndirmək məqsədi ilə mütəmadi görüşlər keçirdiklərini, bölgənin yeganə ali təhsil ocağı olan LDU ilə əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını deyib.Həmçinin, şirkətdə təcrübə keçən tələbə və magistrlərin işlə təmin olunacağına təminat verib.

Qeyd edək ki, bu gün ASC “Standard İnsuranse” Sığorta Şirkətinin Lənkəranda Cənub Regional Filialı fəaliyyətə başlayıb.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Facebook Youtube