E-mail: office@lsu.edu.az | Telefon: (+994) 025 255 17 97 | Ünvan : xəritə  |                                                                  

   Elmi şurada payız semestri imtahanlarına hazırlığın vəziyyəti müzakirəyə çıxarılıb.

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən elmi şuranı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlər barədə qısa açıqlama verib.

Müzakirəyə çıxarılan ilk məsələ “Kollokvumların yekunu , II kollokvumların gedişatı və payız semestri imtahanlarına hazırlığın vəziyyəti” olub.Bu barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.Məruzəçi bu sahədə vəziyyətin qənaətbəxş olduğunu, hazırlıq işlərinin nəzərdə tutulmuş plan əsasında getdiyini, I kollokvumların nəticələrinin ötən illə müqayisədə ürəkaçan olduğunu, ancaq I kurslar üzrə iki ixtisasda tələbələrin nəticələrinin aşağı olduğunu bildirib, nəticələri açağı olan tələbələrlə əlavə iş aparıldığını deyib.

Daxili intizam qaydaları haqqında sosial məsələlər üzrə prorektor dosent Kamran Kazımov məlumat verib.Kamran Kazımov həmçinin 22-24 noyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Moskva Pedaqoji Dövlət Universitetində Xarici Dillər İnstitunun yaranmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfransda iştirakından danışıb.Bu mötəbər elmi konfransda LDU-nun 5 müəlliminin elmi məqalə ilə çıxış etdiyini deyib.Bildirib ki, Lənkəran Dövlət Universitetinin konfransda fəal iştirakı Moskva Pedaqoji Dövlət Universiteti rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilib,LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimova səmərəli əməkdaşlığa görə təşəkkür məktubu ünvanlanıb.K.Kazımov universitetin 145 illik xatirə medalını və təşəkkürnaməni LDU-nun rektoru vəzifəsini icra edən profesor Natiq İbrahimova təqdim edib.

Elmi şura universitet Elmi və Tədris-Metodik şurasında baxılan işlərin müzakirəsinə də vaxt ayırıb.Bu barədə Elm şöbəsinin müdiri dosent Elvin Əliyev məlumat verib.

“12.10.2018-ci il tarixində” Azərbaycan müəllimi “ qəzetində verilmiş elanla əlaqədar müvafiq kafedralara elmi adlar üzrə seçkilərin keçirilməsi” barədə Elmi şuranın katibi Zaur Məmmədov açıqlama verib.Boş olan yerlərə gizli səsvermə yolu ilə namizədlərin seçimi aparılıb.

Tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov Türkiyə Cümhuriyyətinin Sinop Universitetində iki həftə ərzində tələbə və magistrlərə dərs keçdiyini, sertifikatla mükafatlandırıldığını deyərək sevincini şura üzvləri ilə bölüşüb.Sinop Universiteti ilə LDU arasında ikitərəfli əməkdaşlığa dair müqavilənin hazırlandığını, hər iki tərəfin elmi əməkdaşlığa maraqlı olduğunu şura üzvlərinin diqqətinə çatdırıb.

Elmi şurada bir sıra cari məsələlərə də baxılıb.Müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul olunub.

Facebook Youtube