Geri
ECAR layihəsi çərçivəsində Polşa Respublikasına növbəti səfər baş tutdu
Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 30 yanvar - 3 fevral tarixlərində Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri baş tutub. Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.
Təlimlərin ilk iki günü Kozminski Universitetində baş tutub. Burada universitetin ümumi inkişaf dayanıqlı rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib.
Səfərin növbəti günlərində Varşava Həyat Elmləri Universitetinin rektoru və Polşa Universitetlərinin Rektorlar Konfransının vitse prezidenti cənab Michał Zasada tərəfindən strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə CRASP-ın milli və beynəlxalq təcrübələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.
Varşava Həyat Elmləri universitetinin əməkdaşları tərəfindən strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzularda təlim-seminarlar həyata keçirilib.
Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutub. Görüşdə xanım səfir Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında məlumatlar verərək, universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə edib.
Təlim proqramının yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf komitəsinin sədri Araz Aslanlı ilə birlikdə layihədə həyata keçirilən fəaliyyətlərin icrası və qarşıda duran mühüm tapşırıqlar, Stratji İnkişaf Komitəsinin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, Lənkəran Dövlət Universitetindən bu səfərdə “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı dos. Zaur Məmmədov iştirak edib.