Geri
ECAR layihəsi çərçivəsində növbəti təlim
Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda
Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində 24
fevral 2022-ci il tarixində Bakı Mühəndislik Universitetində təlim keçirilib. Təlimdə
Təhsil Nazirliyi və tərəfdaş universitetlərin nümayəndələri,
Lənkəran Dövlət Universitetindən Tədrisin təşkili və təlim texnologyaları üzrə
prorektor dos. İdrak Əsgərov iştirak edib.
BMU-nun rektoru, professor Havar Məmmədov layihənin önəmindən
danışaraq əsas hədəfin Azərbaycanda ali təhsilin keyfiyyətinin
yaxşılaşdırılması və Avropa təhsil sisteminə inteqrasiyası məqsədilə
universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi olduğunu vurğulayıb.
Rektor layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin
inkişafına verəcəyi töhfələrə də toxunaraq Rektorlar Konfransının Azərbaycan
ali təhsil müəssisələrinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin
yaradacağını bildirib.
Bakı Biznes Universitetinin rektoru, i.e.d.,professor
İbad Abbasov Rektorlar Konfransı vasitəsilə universitetlər və digər tərəfdaş
qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməyin vacibliyindən
danışıb.
Təhsil nazirinin müşaviri Nicat Məmmədli təşkil olunan
təlimin əhəmiyyətini vurğulayıb, layihə çərçivəsində görülən bütün
fəaliyyətlərin yerli universitetlərin təhsil proqramlarının
beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə
əsaslı dəstək olacağını bildirib.
Tədbirə onlayn formada qatılan Mərkəzi Oklahoma Universitetinin
Transformativ Tədris və Təlimdə Mükəmməllik Mərkəzinin icraçı direktoru Jeff
King “Transformativ tədris və öyrənmə” mövzusunda məruzə ilə çıxış edib.
Bildirib ki, son 10 ildə həm cəmiyyətdə, həm tələbə strukturunda, həm də
akademiyada çox böyük dəyişikliklərin olması səbəbindən yeni üsulları axtarmaq
vacibliyini vurğulayaraq, bu prosesdə mühüm məsələnin transformativ təlimin
tədrisi metodları olduğunu söyləyib.
Daha sonra “Dəyişikliklərin idarə edilməsi -
transformasiyalı tədris və öyrənmə” mövzusunda işini davam etdirən təlim Ali
Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin
(CEENQA- Central and Eastern European Network of Quality Assurance Agencies in
Higher Education) vitse prezidenti Olgun Çiçek tərəfindən aparılıb. Təlim
zamanı ali təhsil müəssisələrində keyfiyyət təminatının tələbləri, təhsil
proqramlarının beynəlmiləlləşdirilməsi, dərs proqramlarında keyfiyyət təminatı,
beynəlxalq akkreditasiya və onun gələcək perspektivləri, modular akkreditasiya
barədə ətraflı məlumat verilib və qeyd olunan məsələlər ətrafında geniş
müzakirələr aparılıb.