Geri

25/12/20

Qürur duyuruq! Qələbəyə şahid qardaşlar.


Sentyabrın 24-də başlayan və 44 gün davam edən, erməni qəsbkarları üzərində Azərbaycan xalqının böyük qələbəsi ilə başa çatan Vətən müharibəsi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.Zəfər salnaməsinə izini qoyan igidlər arasında Lənkəran Dövlət Universitetinin (LDU) məzun və tələbələrinin, işçilərinin olması bütün kollektivdə qürur və fəxarət hissi yaradır. LDU-da mahiyyət və istiqamətindən asılı olmayaraq keçirilən bütün tədbirlər igidlərimizin anılması, döyüş şücaətlərinin xatırlanması ilə başlayır ki, bu da səbəsiz deyil.Çünki gənclərin vətənpərvərlik tərbiyəsi ən önəmli və vacib faktor kimi universitetimizdə daim diqqətdə saxlanılır.
Qeyd edək ki, Vətən müharibəsində mərdliklə döyüşənlər arasında şəhid və şahid tələbə -məzunlarımız var. Lənkəran Dövlət Universitetinin sözçüsü kimi şəhid tələbə və məzunlarımızdan yazmaq nə qədər ağrılıdırsa, Vətən döyüşündən şahid kimi çıxanlardan söz açmaq bir o qədər sevincdirici, ürəkaçandır. Bu gün onlardan ikisi-Vətən müharibəsinin qalib əsgərləri olan qalib qardaşlar barədə danışacağam- Surac və İqbal Şəfili qardaşlarından. Maraqlıdır ki, Şəfili qardaşlarının hər ikisi eyni vaxtda LDU-ya daxil olub, eyni ildə bitirib və eyni gündə də həqiqi hərbi xidmətə çağrılıblar. Eyni hissədə xidmət edən, birgə döyüş yolu keçən qardaşları birləşdirən əsas məqamlardan biri də hər ikisinin cəsurluğu, qorxmazlığı, şücaətidir.
Qardaşlardan böyüyü - Şəfili Surac Sübhan oğlu 1998 - ci il iyunun 15- də Lənkəran rayonunun Siyabli kəndində anadan olub. 2015- ci ildə Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. 2016 - cı ildə Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin “Torpaqşünaslıq və Aqrokimya” ixtisasına qəbul olunub və 2020 - ci ildə bu ixtisas üzrə bakalavr dərəcəsini alıb.Surac bu il iyul ayının 2-də həqiqi hərbi xidmətə çağrılıb.
Kiçik qardaş - Şəfili İqbal Sübhan oğlu 1999 – ci il oktyabrın 1 - də anadan olub. 2016 – cı ildə Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbini əla qiymətlərlə bitirərək elə həmin il Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “ Biznesin idarəedilməsi” ixtisasına daxil olub. 2020 – ci ildə bu ixtisas üzrə bakalavr dərəcəsini alan İqbal bu ilin iyul ayının 2 –də həqiqi hərbi xidmətə yollanıb.
Təsadüf elə gətirib ki, hər iki qardaş Goranboy rayonun N saylı hərbi hissəsində xidmətə başlayıblar. Sentyabrın 27 –si II Qarabağ müharibəsi başlanan andan Şəfili qardaşları ön cəbhədə döyüşüblər. Talış kəndi və yüksəklikləri , Kəhillər xarabalığı , Dostager və Suqovuşan yaşayış məntəqələrinin azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşublar. İqbal Şəfili bu döyüşlərin birində yaralansa da müalicə olunduqdan sonra yenidən döyüş yoluna davam edib, qardaşını cəhbədə tək qoymayıb. Sevindirici haldır ki,Vətən müharibəsinin təltif olunan döyüşçüləri arasında İqbalın da adı var. Cənab Ali Baş Komandanın sərəncamı ilə Şəfili İqbal Sübhan oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Şəfili qardaşlarının Vətən müharibəsində şəhid yox, şahid olmaları bütün Lənkəran, oxuduqları Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətini sevindirir. Onlardan söz açanda LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, fakültə dekanları Gülbəniz Əliyeva və Balayar Şahbazovdan ancaq xoş sözlər eşitdik.Onlar tədrisdə fərqlənən qardaşların Vətən müharibəsində də şücaət göstərmələrindən qürur duyduqlarını dilə gətirdilər, universitetdə yaradılacaq Zəfər lövhəsində Şəfili qardaşlarına da yer ayrılacağını bildirdilər.
Qardaşların atası, hazırda təqaüddə olan Sübhan müəllim də söhbət zamanı oğlanları ilə qürur duyduğunu dilə gətirdi. Ən böyük sevinc hissini isə sözsüz ki, Zülfiyyə ana yaşayır. Çünki övlada Ana Vətən sevgisini anadan yaxşı heç kim aşılaya bilməz.Var olun, Qəhrəmanlar anası, Vətənə layiq, düşmənə çəpər övladlar böyütdüyünüzə görə!
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.
Qürur duyuruq! Qələbəyə şahid  qardaşlar.


Mənbə:
Paylaş: