Geri

27/05/21

Lənkəran Dövlət Universitetinin rektoru , professor Natiq İbrahimovun 28 May-Respublika Günü münasibətilə Təbriki


Əziz həmvətənlər, hörmətli həmkarlar, Lənkəran Dövlət Universitetinin tələbələri, professor- müəllim ,işçi heyəti!

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü Azərbaycan tarixinin şərəf, qürur salnaməsidir. Bu gün bu şərəfli tarixdən bizi 103 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı 28 Mayı şanlı tarixinin ən əlamətdar hadisəsi, şərəf,qürur salnaməsi kimi , böyük sevinc hissi ilə qeyd edir. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.

Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda, Zəfər sevinci ilə qarşılayırıq. II Qarabağ savaşında, Vətən müharibəsində qazanılan qələbə sayəsində 30 il düşmən tapdağında qalmış əzəli torpaqlarımız geri qayıtdı, ərzi bütövlüyümüz təmin olundu. Bu gün Zəfər sevincini bizə yaşadan qəhrəman şəhidlərimizi bir daha ehtiramla yad edir, tanrıdan rəhmət diləyirik.

Müstəqil dövlətimizin işıqlı sabahı biz təhsil işçilərinin ,siz tələbələrin fəaliyyətindən çox asılıdır. Biz çətinliklə əldə edilən müstəqilliyimizi bütün vasitələrlə qorumalı və möhkəmləndirməliyik!

Bu əlamətdar tarixi gün münasibətilə hamınızı ürəkdən təbrik edir, xalqımıza salamatlıq, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq , Vətənimizə firavanlıq, rifah, sülh və tərəqqi arzulayıram.
Respublika Gününüz mübarək!

Lənkəran Dövlət Universitetinin rektoru , professor Natiq İbrahimovun 28 May-Respublika Günü münasibətilə Təbriki


Mənbə:
Paylaş: