Geri

16/03/22

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet kollektivinə Təbriki.


Əziz tələbələr, hörmətli professor-müəllim heyəti, kollektivimizin dəyərli üzvləri!
Hamınızı-bütün LDU ailəsini elimizin ən gözəl bayramlarından biri, gəlişi ilə təbiətə təravət, könüllərə hərarət gətirən Novruz-Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, şəxsi həyatınızda, əmək və elmi fəaliyyətinizdə uğurlar arzu edirəm.
İstisnasız deyə bilərik ki, Novruz milli bayramlarımızın ən gözəlidir. Heç bir bayramın gəlişi insanları Novruz qədər sevindirmir. Novruz yeganə bayramdır ki, insanlar onun gəlişinə bir ay əvvəlcədən hazırlaşır, bayram tədarükü görür, sevincini birgə paylaşırlar.
Bayram günü bütün süfrələri Novruz bişmişləri, çərəzləri, insanların çöhrələrini isə bahar ovqatının bəxş etdiyi təbəssüm bəzəyir. Qoy süfrələrinizdən ruzi-bərəkət, çöhrənizdən təbəssüm əskik olmasın! Novruz bayramının gəlişi xalqımıza, millətimizə düşərli olsun! Azərbaycanımıza, dünyamıza sülh, əmin-amanlıq, firavanlıq gətirsin!
Novruz yeni gün , yeni arzular , yeni ovqat deməkdir. Baharın gəlişilə təkcə təbiət oyanmır, ruhumuz da cavanlaşır, qurub-yaratmaq həvəsimzi artır, arzularımız təzələnir. Xoş arzularınız çin olsun, ovqatınız bayrama köklənsin daima! Elliklə yurdumuzun tərəqqisi, elmimizin inkişafı naminə çalışaq, bu müqəddəs amallar uğrunda birləşək, Azərbaycan adını yüksəklərə qaldıraq! Lənkəran Dövlət Universitetinin artan nüfuzunun, təhsil və elm sahəsində qazandığımız uğurların davamlı olması üçün hamılıqla çalışaq. Qoy universitetimizin adı hər yerdə fəxarətlə çəkilsin, beynəlxalq əlaqələrimiz daha da genişlənsin, elmi nailiyyətlərimiz artsın!
Torpaqlarımızın azadlığı, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərimizin xatirəsini bayram günü bir daha ehtiramla yad edir, ruhları şad olsun!-deyirəm. Şəhid ailələrinin üzvlərini, qazilərimizi, Azərbaycançılıq məfkurəsi ətrafında, milli həmrəylik duyğusu ilə sıx birləşən bütün soydaşlarımızı, LDU ailəsini Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, ən xoş bayram arzularımı bildirirəm.
Novruz bayramınız mübarək!
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet kollektivinə  Təbriki.


Mənbə:
Paylaş: