Geri

24/02/23

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının XX əsrdə yaşadığı ən faciəli tarixlərdən biri olan Xocalı qətlyamının 31-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
LDU-nun Böyük akt zalında keçirilən konfrans Xocalı faciəsinin günahsız qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
LDU-nun prorektoru, dos. İdrak Əsgərov Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığını bildirib, bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü kimi qiymətləndirib. 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirən İdrak Əsgərov qanlı soyqırıma ilk dəfə hüquqi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıb: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
LDU-nun “Tarix və onun tədrisi metodikası”sı kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Asif İmanlı “Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda məruzə edib. Məruzədə Xocalı faciəsi baş verən dövrdə Azərbaycanda və dünyada yaşanan hadisələr,faciəni doğuran səbəblər və onun ağrılı nəticələri, ibrət dərsləri, Ulu öndər Heydər Əliyevin Xocalı dəhşətlərinin dünyaya çatdırılması istiqamətində çoxşaxəli fəaliyyəti və s. barədə ətraflı söz açılıb. Bildirilib ki, Heydər Əliyevin 1994-cü il fevralın 24-də imzaladığı fərmanla 26 Fevral xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə, lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlanıb.
Məruzəçi 31 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış səhifə adlandırıb, qətlyam törədənlərin hələ də layiqli cəzalarını almadığını qeyd edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımdır” fikrini dəstəkləyən məruzəçi erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən lazımi nəticə çıxarmağa çağırıb, bu gün dünyanın onlarla ölkəsində Xocalı faciəsinin soyqırım kimi qəbul edilməsini düzgün yeridilən xarici siyasətimizin nəticəsi kimi dəyərləndirib. Asif İmanlı bildirib ki, Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin yetərincə məlumatlandırılması məqsədilə xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olunub, erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salınıb.
“Tarix və onun tədrisi” kafedrasının müəllimi Vüsal Nəsirli çıxışında bildirib ki, Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır. Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir.
Anım tədbirində Xocalı dəhşətlərini əks etdirən videorolik nümayiş edilib.
Sonra Xocalı dəhşətlərini əks etdirən kitab sərgisinə baxış olub.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür ki, onların 150 nəfərinin taleyi indiyə kimi də məlum deyil.


Xocalı faciəsi xalqımızın qan yaddaşıdır.


Mənbə:
Paylaş: