LDU-da “Konstitutsiya dayanıqlı inkisafın təməlidir” mövzusunda tədbir keçirilib

Universitet logosu
Tarix: 08 Noyabr 2025
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzi ilə birgə 2025- ci ilin Konstitutsiya və Suverenlik ili elan olunması ilə əlaqadar “Konstitutsiya dayanıqlı inkisafın təməlidir” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrası istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən ətraflı söz açılıb. Çıxışçılar Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etməsi ilə bağlı iştirakçıları ətraflı məlumatlandırıblar.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm siyasi və tarixi əhəmiyyət daşıyan qərarlardan biridir. Bu təşəbbüs Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir. Həm konstitusiya prinsip və dəyərlərinin möhkəmləndirilməsi, həm də milli suverenliyin tam bərpası bu ilin əsas məzmununu təşkil edir. Çıxışlarda Konstitusiya Aktının Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə müstəqilliyini təsdiqlədiyi xüsusi vurğulanıb. Bildirilib ki, məhz bundan sonra Azərbaycan xalqının öz taleyini özü müəyyən etmək hüququ tanınıb, respublikanın qanunvericilik və idarəetmə orqanları tam müstəqil fəaliyyət göstərməyə başlayıb. Bu gün Azərbaycan Respublikasının müstəqil və suveren bir dövlət olaraq beynəlxalq aləmdə layiqli yerini tutması qürurverici fakt kimi səsləndirilib.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.