Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun yeni il Təbriki.

Universitet logosu
Tarix: 29 Dekabr 2025
Ümumi xəbərlər
Dəyərli həmvətənlər!
Hörmətli professor-müəllim-işçi heyəti!
Əziz tələbələr!
İllərin qovuşağında hamımız ikili hisslər keçiririk. Başa çatmaqda olan ildən kövrək xatirələrlə ayrılır, yeni-2026-cı ildən daha böyük müjdələr gözləyirik. Böyük fərəh hissi ilə deyə bilərik ki, yola saldığımız 2025-ci il Azərbaycan xalqının həyatında yaddaqalan, maraqlı illərdən oldu. Azərbaycan dövləti öz ərazi bütövlüyünü tam bərpa etdi, azad edilən əzəli torpaqlarımızda böyük quruculuq işləri sürətlə davam etdirildi, böyük Zəfərin 5 ili təntənə ilə qeyd edildi.
2025-ci il Azərbaycan üçün təkcə təqvim ili deyil, postmünaqişə dövrünün artıq keyfiyyətcə yeni mərhələyə keçidini simvolizə edən siyasi mərhələ ili kimi də yaddaqalan oldu. Bu il ölkə başçımız cənab İlham Əliyev həm daxili sabitliyin möhkəmləndirilməsi, həm də regional və qlobal proseslərdə mövqelərin daha aydın şəkildə formalaşdırılması istiqamətində ardıcıl və sistemli xətt yürütdü. 2025-ci ilin mühüm siyasi xüsusiyyəti sülh gündəliyinin Azərbaycanın şərtləri əsasında irəliləməsi oldu. Bakı artıq təşəbbüs mövqeyindən çıxış edərək regional təhlükəsizlik, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması məsələlərində əsas söz sahibinə çevrildi.
Başa çatmaqda olan 2025-ci ildə Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələri yazıldı. ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton zirvə görüşlərinin uğurla yekunlaşması, ölkəmizin böyük və tarixi diplomatik qələbəsi hamımızı ürəkdən sevindirdi. Bu gün bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, diplomatiya meydanında təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.
Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ səfərinin nəticələri ilə bağlı yerli mediayaya verdiyi müsahibəsində keçirilən görüşləri tarixi hadisə hesab etdiyini: “Bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib” deməsi qarşıdakı 2026-cı ilin ölkəmiz üçün sülh, əmin-amanlıq ili olacağına ümidlərimizi artırır.
Yola saldığımız 2025-ci il Lənkəran Dövlət Universitetinin kollektivi üçün də yaddaqalan hadisələrlə zəngin oldu. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq Klinikasına baxış keçirdilər.
Yeni istifadəyə verilmiş klinikada heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə hörmətli qonaqlara məlumat verilib. Qeyd edilib ki, klinika həm regionda ev və çöl (vəhşi) heyvanlarının sağlamlığının qorunmasına xidmət edir, həm də universitetin Baytarlıq ixtisasında təhsil alan tələbələr üçün praktiki vərdişlərin formalaşdırılması baxımından mühüm tədris bazası rolunu oynayır.
Başa çatmaqda olan 2025-ci ildə Lənkəran Dövlət Universitetinin qazandığı elmi uğurlar da az olmadı. LDU dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 3 ulduz ilə qiymətləndirildi. Böyük fərəh hissi ilə bildirmək istəyirəm ki, LDU “QS Stars”-ın qiymətləndirdiyi ilk region universiteti oldu.
Həmçinin, LDU 3 kateqoriya üzrə: “Tədris (Teaching)”, “Məşğulluq (Employability)” və “Yaxşı idarəetmə (Good Governance)” sahələri üzrə ən yüksək qiymətləndirmə olan 5 ulduza layiq görüldü. “İnfrastruktur (Facilities)” və “Ətraf mühitə təsir (Environmental Impact)” üzrə 4 ulduz, “Elmi tədqiqat (Research)” və “Qlobal əməkdaşlıq (Global Engagement)” üzrə 3 ulduz, “İncəsənət sahəsində fəaliyyət (Art)” və “Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, equity and inclusion)” üzrə 1 ulduzla qiymətləndirildi. Qeyd edək ki, bu sahələr universitetin əsas prioritetlərini əks etdirir və onun beynəlxalq standartlara cavab verdiyini bir daha təsdiqləyir. Qeyd edək ki, Lənkəran Dövlət Universiteti həmçinin dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinq sistemlərindən biri olan “Times Higher Education” dünya reytinq siyahısında da yer alıb və LDU dünya reytinqində TOP 1001-1500-likdə qərarlaşıb.
İlin son günlərində LDU-nun daha bir nüfuzlu beynəlxalq reytinqdə yer alması bütün kollektivimizi qəlbən sevindirdi. Lənkəran Dövlət Universitetinin dünya universitetlərinin iştirak etdiyi “UI GreenMetric World University Ranking 2025” nüfuzlu qlobal reytinq siyahısında yer alması ilin ən xoş yekunu oldu.
Lənkəran Dövlət Universiteti qazanılan uğurlarla kifayətlənməyərək beynəlxalq reytinq sistemlərində daha böyük nailiyyətlərə imza atmağı hədəfləyir, növbəti illərdə yüksək nəticələr əldə etməyi qarşısına vacib bir məqsəd kimi qoyur.
Əminəm ki, quruculuq, yaradıcılıq ab-havası yeni ilimizdə də davam etdiriləcək. Elə bu xoş ovqatla da hamınızı-bütün LDU ailəsini, universitetimizin nəzdində olan Sosial və Aqrar Texnoloji kollecin tələbə-müəllim, işçi heyətini 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2026-cı il münasibətilə ürəkdən təbrik edirəm.
Qoy yeni-2026 -cı il hamınız üçün sülh, əmin-amanlıq ili olsun! Xalqımıza sevinc, fərəh, bolluq, firavanlıq, hər birimizə, ailələrimizə, ölkəmizə xoşbəxtlik gətirsin!
Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, azərbaycançılıq ideologiyasına sadiq qalan, millətinin tərəqqisinə töhfə verən həmvətənlərimizi təbrik edir, yeni ilimizdə yeni uğurlar, can sağlığı, bayram sevincləri, əhval-ruhiyyəsi arzulayıram.
Yeni iliniz mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.