LDU-da yubiley tədbiri keçirilib

Universitet logosu
Tarix: 05 Fevral 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetinin (LDU) İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının dosenti, pedaqoji elmlər namizədi Arif İsmayılovun 75 illiyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirini Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq yubilyara ilk öncə universitetin rektoru prof. Natiq İbrahimovun təbrikini çatdırıb. Bildirib ki, LDU-da səmərəli fəaliyyətinə və 75 illik yubiley münasibətilə dos. Arif İsmayılov universitetin fəxri-fərmanına və pul mükafatına layiq görülüb. Dos. Zaur Məmmədov çıxışında A. İsmayılovun LDU-da çalışdığı 20 ilə yaxın müddətdə pedaqoji kadrların hazırlanmasında böyük əməyi olduğunu, pedaqoji-elmi bacarıqlarını daim yenilədiyini, elmi-metodiki məqalələrinin təhsil problemlərinin aktual məsələlərinə həsr olunduğunu xüsusi vurğulayıb.
Tədbirdə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Ramiz Şəmmədov, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dos. Elman Mirzəyev, İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının müdiri Ayəddin Əliyev, dosent Əlirza Əliyev, baş müəllim Qalib Əmənov çıxış edərək yubilyara xoş arzularını bildiriblər.
Sonda çıxış edən dos. Arif İsmayılov əməyinə verilən dəyərə, göstərilən diqqətə görə LDU-nun rektoru, prof. Natiq İbrahimova və həmkarlarına minnətdarlığını bildirib, bundan sonrakı fəaliyyətində də ona göstərilən etimadı doğruldacağını deyib.