Elmi şurada yaz semestrinə hazırlığın vəziyyəti müzakirə olunub
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən Elmi şuranın növbəti iclasını adəti üzrə şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb. Prof. Natiq İbrahimov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri ilə bağlı fikirlərini bölüşüb, bir çox vacib məqamlara toxunub, fikir və mülahizələrini bildirib.
Müzakirəyə çıxarılan ilk məsələ “2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri. Yaz semestrinə hazırlığın vəziyyəti” barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib. Dos. Zaur Məmmədov slaydlar və diaqramlar əsasında ayrı-ayrı fakültələrin imtahan sessiyasının nəticələrini əvvəlki illərlə müqayisədə təhlil edib, hazırkı semestrin keyfiyyət göstəricilərini açıqlayıb.
“LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri. Kollecdə yaz semestrinə hazırlığın vəziyyəti” haqqında hesabatı kollecin direktoru Leyla İbrahimova təqdim edib.
Şuranın katibi, Baş elmi katib, dos. Allahşükür Quliyev Elmi və tədris metodiki şurada baxılan işlərin təsdiqi barədə məlumatı şura üzlərinin diqqətinə çatdırıb. Dos. Allahşükür Quliyev universitetin struktur bölmələrinin əsasnamələrinin hazırlanması haqqında məlumatı da təqdim edib, məsələ ilə bağlı müvafiq komissiyanın yaradılmasının vacibliyini bildirib. Açıq səsvermə yolu ilə yaradılan komissiyanın üzvlərinə müvafiq tapşırıqlar verilib.
Elmi şurada bir sıra cari məsələlərə də baxılıb və müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.