LDU-nun Elmi şurası universitetin struktur bölmələrinin əsasnamələrini təsdiq edib
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Gündəlikdə duran ilk məsələ- “2025/2026-cı tədris ilinin yaz semestrinin və təcrübələrin gedişi” barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib.
Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyevin “Universitetin struktur bölmələrin əsasnamələrinin təsdiqi” haqqında hesabatı dinlənilib və əsasnamələr açıq səsvermə yolu ilə qəbul edilib.
“2021-2025-ci illər üzrə Lənkəran Dövlət Universitetinin məzunlarına dair statistik hesabatın və 2025/2026-ci tədris ilinin payız semestrinin yekunu ilə bağlı tələbələ sorğularının təhlili” barədə məlumatlarla şura üzvlərini Keyfiyyət təminatı şöbəsinin müdiri Sevər Əhmədova tanış edib.
LDU-nun rektoru, professor Natiq İbrahimov Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Kamran Kazımova universitetdə səmərəli fəaliyyətinə və 65 illik yubileyi münasibətilə Lənkəran Dövlət Universitetinin fəxri-fərmanını təqdim edib.
Elmi şurada digər cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.