LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı tədbir keçirilib
Lənkəran Dövlət Universitetində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin Tarix–Coğrafiya və İncəsənət fakültəsinin dekanı dos. Afaq Qasımova açaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) respublikamızda keçirilməsinın əhəmiyyəti haqqında danışıb. Bildirib ki, bu, Azərbaycanın dünyada artan beynəlxalq nüfuzunun göstəricisidir və ölkəmiz üçün əhəmiyyəti böyükdür.
Coğrafiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Qalib Əmənov “Müasir dövrdə Azərbaycanda şəhərsalmada coğrafi-ekoloji yanaşma”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Məlahət Sevdimova “XIX sonu XX əsrdə Azərbaycanda şəhərsalma tarixi” mövzularında məruzə ediblər. Məruzələrdə qeyd edilib ki, Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF) 13-cü sessiyası BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və dayanıqlı urbanizasiya sahəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindəndir, WUF13 ölkələr, şəhərlər, ekspertlər və beynəlxalq təşkilatlar üçün qlobal urbanizasiya problemlərini və həll yollarını müzakirə etmək üçün əsas platformadır. Ümumdünya Şəhərsalma Forumunun (WUF) Azərbaycanda keçirilməsinin əhəmiyyəti çoxşaxəlidir və ölkənin beynəlxalq mövqeyinə, regional əməkdaşlığa, şəhər inkişafına və iqtisadi imkanlarına ciddi töhfələr verir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.