LDU-da təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı maarifləndirici sessiya keçirilib

Universitet logosu
Tarix: 05 May 2026
Ümumi xəbərlər
Təhsil Tələbə Krediti Fondu regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalarını davam etdirir. Lənkəran Dövlət Universitetinin (LDU) 1 saylı tədris korpusunun akt zalında təşkil edilən tədbirdə tələbələr, müəllimlər və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Tədbiri Lənkəran Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq görüşün mahiyyətini açıqlayıb, Təhsil Tələbə Krediti Fondunun əhalinin həssas təbəqəsinə yaratdığı təhsil imkanlarından söz açıb.

Təhsil Tələbə Krediti Fondunun təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova və aparıcı mütəxəssisi Kifayət Lələzadə mövzu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat veriblər. Qeyd edilib ki, təhsil-tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması, əhatə dairəsinin genişləndirilməsidir.

Tədbir iştirakçıları təhsil tələbə kreditlərinin verilməsi, tələbə portalından istifadə qaydaları haqqında ətraflı təlimatlandırılıb, onlara kimlərin hansı hallarda, hansı şərtlər və güzəştlərlə tələbə kreditindən yararlana biləcəyi geniş izah edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.