LDU-da baytarlıq mövzusunda maarifləndirici görüş keçirilib
Lənkəran Dövlət Universitetində Baytarlıq fakultəsinin baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin və müəllim heyətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Nəqliyyatda Baytarlıq Xidmətləri İdarəsinin Dəniz limanında baytarlığa nəzarət şöbəsinin müdiri Bəxtiyar Nəbiyevlə görüşü keçirilib.
Tədbirdə çıxıs edən ekspert Bəxtiyar Nəbiyev yay istehsalat təcrübə proqramının əhəmiyyətindən, tələbələrin nəzəri biliklərinin praktik təcrübəyə tətbiq edilmələrinin vacibliyindən danışıb. Bildirib ki, baytarlıq xidmətlərinin təşkili sistemində innovativ yanaşmaların öyrənilməsi, təhlükəli heyvan xəstəliklərinə qarşı müasir müayinə və müalicə metodlarının tətbiqi və epizooriya əleyhinə profilaktik peyvəndləmə tədbirlərinin icrasında fəal iştirak edən tələbələrə sertifikatların təqdim olunması nəzərdə tutulub. Sertifikata layiq görülən iştirakçıların müvafiq müsahibədən keçərək mentor dəstək və dövlət sektorunda yeni iş imkanlarının yaradılması vurğulanıb.
Görüşdə tələbələr yay istehsalat təcrübə proqramının müddəaları ilə yaxından tanış edilib, onları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.