LDU-da keçirilən Beynəlxalq elmi-praktiki konfrans Azərbaycan və Türk dövlətləri birliyinin aktual məsələlərinə həsr olunub

Universitet logosu
Tarix: 15 May 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində (LDU) “Azərbaycan və Türk dövlətləri birliyi: Orta Asiya ilə Qərb arasında strateji körpü və Tramp dəhlizinin geosiyasi əhəmiyyəti” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Onlayn və canlı formatda keçirilən konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, Ruminiya, Qazaxıstan, Qırğızıstanın ali təhsil ocaqlarından və elmi təşkilatlarından nümayəndələr qatılıb. 27 ali təhsil müəssisəsi və elmi təşkilatların nümayəndələri Beynəlxalq elmi-praktiki konfransa 150-yə yaxın tezis təqdim ediblər.
Konfrans iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov Beynəlxalq elmi-praktiki konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, konfransın olduqca vacib mövzuya həsr edildiyini vurğulayıb, iştirakçılara uğurlar arzu edib. Rektor LDU-nun son illərdə genişlənən beynəlxalq əlaqələrindən, Türkiyə Cümhuriyyəti universitetləri ilə ikili diplom layihəsindən, birgə keçirilən seminar, konfranslardan danışaraq bildirib ki, Lənkəran Dövlət Universiteti bundan sonra da fəaliyyətində bu istiqaməti əsas götürəcək.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Beynəlxalq elmi-praktiki konfransdakı çıxışında təmsil etdiyi ali təhsil ocağında bu istiqamətdə görülən işlərdən, qarşıdakı perspektivlərdən, Tramp dəhlizinin geosiyasi əhəmiyyətindən, ölkəmizin inkişafına göstərəcəyi müsbət təsirlərdən danışıb.
LDU-nun Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Yədulla Ağazadə “Ortaq türk söz abidələrində təsəvvüf və irfan”, sözügedən kafedranın müdiri dos. Qədim Rufullayev “Türk birliyi Azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dos. Kamal Mahmudov “Şərqlə Qərb arasında strateji körpü – “Tramp dəhlizi”nin geoiqtisadi əhəmiyyəti”, həmin kafedranın dosenti Emin Məlikov “Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti, iqtisadi və strateji perspektivləri” mövzularında məruzə ediblər.
Beynəlxalq elmi-praktik konfransda Lənkəran Dövlət Universitetində keçirilmiş zona fənn olimpiadasının qalibləri mükafatlandırılıb. Onlara diplom və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
Plenar iclasdan sonra konfrans işini bölmə iclaslarında davam etdirib.