LDU-da narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) gənclər arasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği mövzusunda maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq keçirilən tədbir Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Sonra iştirakçılar Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Lənkəran Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dosent Zaur Məmmədov tədbiri giriş sözü ilə açaraq belə maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb, narkomaniyaya qarşı kollektiv mübarizəni günün ən vacib məsələsi adlandırıb, birgə fəaliyyətin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov, Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Vasif Quliyev, Azərbaycan Respublikası Antidopinq Agentliyinin nümayəndəsi Qüdrət Səfərov, Bakı şəhər Narkoloji Mərkəzin nümayəndəsi Fidan Ataxanlı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin rəis müavini Famil Həsənov çıxış edərək mövzunun hüquqi, tibbi, sosial və psixoloji aspektləri barədə ətraflı məlumat veriblər. Çıxışlarda ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, dövlətin bu istiqamətdə yürütdüyü siyasətdən, qəbul olunmuş dövlət proqramlarının icra vəziyyətindən, narkomaniyanın ağır fəsadlarından, bu ağır bəlaya qarşı aparılacaq profilaktik tədbirlərin vacibliyindən söz açılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.