LDU-da korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Universitet logosu
Tarix: 22 May 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov açaraq cəmiyyətdə korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılığın artırılmasına yönəlmiş seminar, maarifləndirici görüş və digər tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib, belə tədbirlərin tələbələrin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb. Dosent Ramiz Şəmmədov tələbələrlə antikorrupsiya mövzusunda keçirilən görüşləri onlara şəffaflıq dəyərlərinin aşılanması və hüquqi maarifləndirmənin ən effektiv üsulu kimi dəyərləndirib.
Mövzu ətrafında Lənkəran Dövlət Universitetinin hüquqşünası Cingiz Cavadov məruzə edib. Məruzədə korrupsiyanın mahiyyəti, tələbə hüquqları, qanunvericilik və yeniliklər barədə ətraflı söz açılıb. Bildirilib ki, korrupsiyaya qarşı mübarizə tədbirləri dövlət idarəçiliyində şəffaflığı artırmaq, hüquqpozmaların qarşısını almaq və cəmiyyətdə anti-korrupsiya mədəniyyətini formalaşdırmaq məqsədi daşıyır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.