LDU-da yaz semestrinin imtahan sessiyasına start verilib

Universitet logosu
Tarix: 02 İyun 2026
Ümumi xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Lənkəran Dövlət Universitetində (LDU) 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına bu gündən start verilib. İmtahan sessiyasının əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 02.06.2026-cı il tarixdən 02.07.2026-cı il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I, III, V tədris ili qrupları üçün 02.06.2026-cı il tarixdən 06.06.2026-cı il tarixinədək, II, IV tədris ili qrupları üçün 16.06.2026-cı il tarixindən 20.06.2026-cı il tarixinədək keçirilməsi nəzərdə tutulub.
LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişi ilə əyani tanış olmaq məqsədilə bu gün universitetin imtahan gedən tədris korpuslarına baş çəkib. Universitetin professor-müəllim heyəti ilə görüşü zamanı prof. Natiq İbrahimov tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyin vacibliyini xüsusi vurğulayıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor Natiq İbrahimov imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini deyib.
Qeyd edək ki, LDU-da bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilməklə, 1-ci növbə saat 09:00-dan 11.30-dək, ikinci növbə saat 14.00-dan 16.30-dək təşkil olunacaq.
Xatırladaq ki, LDU-nun tələbələri özlərinin imtahan və kollokvium vaxtlarını seçməkdə tam müstəqildirlər. Tələbələr imtahan gününə qədər öz imtahan vaxtlarını elektron qaydada şəxsi kabinetlərinə daxil olaraq seçə və vaxtını dəyişə bilərlər. Hər hansı bir səbəbdən imtahanda iştirak edə bilməyən tələbələr daha sonra elektron qaydada imtahan vaxtlarında dəyişiklik edə, başqa fəndən imtahan seçə bilərlər. Həmçinin, tələbələrə bir gün öncədən imtahan vaxtlarını və otaqlarını xatırladan sms-lərin göndərilməsi təşkil edilib. Tələbənin imtahan nəticələri elan olunan kimi onların elektron kabinetində görünür. Artıq 4 ildir ki, Lənkəran Dövlət Universitetində tətbiq olunan bu sistem Azərbaycan ali təhsil müəssisələrində bir ilkdir.
Qeyd edək ki, sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədi ilə rektor Natiq İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb( Əlaqə tel: 25-8-27-86; 25-8-54-18).
Sessiyanın gedişi zamanı yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərarlar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları ilk gündən fəaliyyət göstərir və imtahan gedən tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.
Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Xatırladaq ki, müasir oxu zalları və daim yenilənən elektron kitabxana hər gün saat 08.30-dan 17.30-dək tələbələrin ixtiyarındadır.