Lənkəran Dövlət Universiteti THE Impact Sustainability Ratings 2026 reytinqində uğurlu nəticə əldə edib
Lənkəran Dövlət Universiteti (LDU) ali təhsil müəssisələrinin dayanıqlı inkişaf sahəsində fəaliyyətini qiymətləndirən nüfuzlu beynəlxalq reytinqlərdən biri olan THE Impact Sustainability Ratings 2026-nın nəticələrində uğurlu göstəricilər nümayiş etdirmişdir. Nəticələrə əsasən, LDU dünyanın müxtəlif ölkələrinin universitetləri arasında 1001–1500-cü yerlər qrupunda qərarlaşmışdır. Universitet ümumi mövqeyini qorumaqla yanaşı, ötən illə müqayisədə Dayanıqlı İnkişaf Məqsədlərinin 5 istiqaməti üzrə göstəricilərini əhəmiyyətli dərəcədə artırmışdır. Bununla yanaşı, Lənkəran Dövlət Universiteti SDG 10 – Reduced Inequalities və SDG 13 – Climate Action istiqamətləri üzrə ilk dəfə olaraq reytinq nəticəsi əldə etmişdir. Bu nailiyyətlər universitetin sosial inklüzivlik, bərabər imkanların təşviqi və ətraf mühitin mühafizəsi sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanındığını göstərir.
Qeyd edək ki, THE Impact Sustainability Ratings ali təhsil müəssisələrinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələri qiymətləndirən qlobal reytinq sistemidir. Əldə olunan nəticələr Lənkəran Dövlət Universitetinin dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi fəaliyyətlərin səmərəliliyini və universitetin beynəlxalq ali təhsil məkanındakı mövqeyinin möhkəmləndiyini bir daha təsdiq edir.