LDU Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə kənd təsərrüfatı sahəsində süni intellektin tətbiq edilməsi ilə bağlı layihələr işləyəcək

Universitet logosu
Tarix: 24 İyul 2026
Ümumi xəbərlər
Birgə əməkdaşlığın inkişaf istiqamətlərindən Lənkəran Dövlət Universitetində LDU ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq üzrə işçi qrupunun yaradılması ilə bağlı bu gün keçirilən ilk məşvərət görüşündə ətraflı bəhs edilib.
Görüşü Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açaraq ali təhsillə peşə təhsili arasındakı sədlərin aradan qaldırılmasını müasir təhsil islahatlarının əsas hədəfi adlandırıb. Bildirib ki, bu iki sistemin əməkdaşlığı təhsili diplom xatirinə oxunan bir prosesdən çıxararaq onu birbaşa iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevirməyə imkan verəcək. Rektor nəzəriyyə ilə praktikanın-universitet kürsüsü ilə istehsalat dəzgahının qovuşduğu modeli gələcəyin uğurlu modeli adlandırıb, fikrini bu il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkə başçısının dedikləri ilə qüvvətləndirib: “Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”. Prof. Natiq İbrahimov çıxışında iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında irəli sürülən vəzifələrə də toxunub. Bildirib ki, Mehriban xanım Əliyevanın “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır. Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir” sözləri təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyur.
Rektor Azərbaycanda peşə təhsili ilə ali təhsilin birləşdirilməsi və bu iki pillə arasında keçidin təmin olunması istiqamətində ən mühüm mexanizm kimi “Yüksək texniki peşə təhsili” səviyyəsinin yaradılması olduğunu deyib. Bu sistemin peşə təhsili alan şəxslərin ali təhsil müəssisələrinə rahat keçidini təmin etməyə imkan verəcəyini deyən Natiq İbrahimov birgə əməkdaşlıqda əsas məqsədin Lənkəran –Astara iqtisadi regionunda kənd təsərrüfatı, turizm və süni intellekt sahələrinin inkişafına töhvə vermək, müasir tələblərə uyğun kadr hazırlığını və innovativ layihələrin həyata keçirilməsini təmin etmək olduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, bu sahədə ilk istiqamət subbakalavr məzunlarının əmək bazarına hazırlanması, 2-cisi süni intellekt sahəsində əməkdaşlığın təşkilidir.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov çıxışında LDU-ilə əməkdaşlığın perspektivlərindən söz açıb, bu sahədə aparılan islahatlar və Prezident İlham Əliyevin peşə təhsili müəssisələri qarşısında qoyduğu vəzifələrə diqqət çəkib. Afər Kərimov bildirib ki, dəyişikliklər dövrünün gətirdiyi qeyri müəyyənliklərin həllində, qarşıya qoyulan vəzifələrin icrasında təhsil müəssisələrinin biri biri ilə müxtəlif platformalarda əməkdaşlıq etmək niyyətləri müasir dövrün tələblərindəndir.
Afər Kərimov prof. Natiq İbrahimovun LDU-nun tədris laboratoriyalarının peşə mərkəzi tələbələrinin elmi tədqiqatları üçün, peşə məktəblərinin müasir emalatxanalarının isə universitet tələbələrinin praktiki vərdişlər qazanması üçün ortaq istifadə etmək təşəbbüsünü dəstəkləyərək yüksək dəyərləndirib.
Tədbir iştirakçıları müzakirə zamanı birgə aqroparkların yaradılmasını vacib hesab ediblər. Həmçinin, yardımçı təsərrüfatların, istixanaların, elmi laboratoriyaların, baytarlıq klinikasının, turizm-tədris bazasının və s. imkanlarından birgə istifadənin hər iki tərəf üçün səmərəli olacağı və s. barədə təkliflər səsləndirilib.
Görüşdə LDU ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasında təhsil, innovasiya, birgə kadr hazırlığı sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, peşə və ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, tələbə və təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi, birgə layihələrin, tədbirlərin, təcrübə proqramlarının və digər qarşılıqlı maraq doğuran fəaliyyətlərin həyata keçirilməsi məqsədilə “İşçi qrup” yaradılıb. “İşçi qrup”a 2 əsas istiqamət üzrə-I- “Kənd təsərrüfatı, İnformasiya texnologiyaları və turizm”; II - “Kənd təsərrüfında süni intellektin tətbiqi” əsas vəzifə kimi tapşırılıb.
Qeyd edək ki, LDU ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasında yüksək səviyyədə əməkdaşlığın təşkili, ayrıca işçi qrupun yaradılması respublika ali və peşə təhsili müəssisələri arasında birgə fəaliyyətin təşkilinə dair ilk müsbət nümunələrdəndir.