LDU-nun Elmi şurası yeni tədris ilində ilk iclasını keçirib

Universitet logosu
Tarix: 31 Avqust 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının 2026/2027-ci tədris ilində keçirilən ilk iclasını şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada müzakirə olunan ilk məsələ - “2026/2027-cı tədris ili üçün Tələbə qəbulu planın icrasının nəticələri” olub. Bu barədə Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədovun məlumatı dinlənilib. Məlumatda yeni tədris ili üçün bakalavriat səviyyəsi üzrə tələbə qəbulu planının ümumilkdə 96,4%, əksər ixtisaslar üzrə isə 100% dolduğu, 600-dən yuxarı bal toplayan abituriyentlərin sayının ötən tədris illəri ilə müqayisədə artdığı bildirilib. Dos. Zaur Məmmədov “2026/2027-cı tədris ilinin payız semestrinə hazırlığın vəziyyəti” barədə də şura üzvlərini məlumatlandırıb, dekan və kafedra müdirlərinə hazırlıq işlərini yaxın günlərdə tam yekunlaşdırmağı tapşırıb.
“Yay semestrinin nəticələrinin təhlili və yekun hesabatı”nı semestrin rəhbəri Şəbinə Niftullayeva təqdim edib. Geniş müzakirədən sonra hesabat Elmi şura tərəfindən qənaətbəxş qiymətləndirilib.
Maliyyə-təsərrüfat işləri üzrə prorektor Azər Əliyevin “Yeni tədris ili üçün universitetin maddi-texniki bazasının və təchizatın hazırlığı haqqında” hesabatında yay tətili müddətində tədris korpuslarında, inzibati binada aparılan təmir işləri, alınan yeni avadanlıqlar, yenilənən maddi-texniki baza barədə ətraflı məlumat verilib.
“Universitetin yeni tədris ili üçün ştat cədvəlin təsdiqi” barədə Maliyyə, mühasibat və təminat mərkəzinin direktoru Rəşad Rzazadənin məlumatı dinlənilib. Məlumatda yeni tədris ilindən universitetdə əmək haqqlarının artımı da əksini tapıb.
Elmi şurada cari məsələlərə də baxılıb və müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.
Sonda Elmi şuranın sədri, universitetin rektoru prof. Natiq İbrahimov LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin əməkdaşlarını, professor-müəllim heyətini yeni-2026/2027-ci tədris ilinin başlanması münasibətilə təbrik edib, tövsiyyələrini verib.