Zaqreb Universitetinin professoru LDU-da ustad dərsi keçib

Universitet logosu
Tarix: 17 Sentyabr 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetinin (LDU) beynəlxalq əlaqələrinin genişləndirilməsi, təhsildə təcrübə mübadiləsinin gücləndirilməsi və elmi potensialın artırılması istiqamətində növbəti mühüm addım atılıb. Universitetdə akademik ezamiyyətdə olan Xorvatiya Respublikasının Zaqreb Universitetinin Baytarlıq Təbabəti Fakültəsinin əməkdaşı, assistent professor Drajen Curiçiç (Dražen Đuričić) LDU-ya səfəri çərçivəsində tələbə və müəllim heyəti üçün ustad dərsi keçib.
Ustad dərsindən əvvəl xorvatiyalı alimin LDU-nun professor-müəllim heyəti və tələbələri ilə görüşü təşkil olunub. Görüşü giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən, dosent Zaur Məmmədov qonağı tədbir iştirakçılarına təqdim edib və bu cür beynəlxalq xarakterli görüşlərin universitetin elmi mühitinə, eləcə də təhsilin keyfiyyətinə müsbət təsirlərini vurğulayıb.Dosent Z.Məmmədov LDU-nun Baytarlıq fakültəsi ilə Zaqreb Universitetinin Baytarlıq Təbabəti Fakültəsi arasında imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsinin perspektivlərindən və əhəmiyyətindən ətraflı bəhs edib. O, bu tərəfdaşlığın yüksək ixtisaslı yerli kadr hazırlığına böyük töhfə verdiyini, gələcəkdə birgə elmi araşdırmalar və tələbə-müəllim mübadiləsi üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.
Daha sonra Zaqreb Universitetinin professoru Drajen Curiçiç geniş təqdimatla çıxış edib. O, təmsil etdiyi ali təhsil ocağının zəngin tarixi, qlobal beynəlxalq əlaqələri, təhsil-təcrübə imkanları və Avropa təhsil məkanındakı uğurlu iş modeli barədə ətraflı məlumat verib. Təqdimatın ardınca xorvatiyalı alim iştirakçılar üçün baytarlıq sahəsindəki ən son elmi yenilikləri, müasir müalicə metodlarını və innovativ diaqnostika üsullarını əhatə edən interaktiv ustad dərsi keçib. Böyük maraqla qarşılanan ustad dərsinin sonunda assistent professor Drajen Curiçiç mövzu ətrafında auditoriyanı maraqlandıran çoxsaylı sualları cavablandırıb.