LDU-da 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Universitet logosu
Tarix: 18 Sentyabr 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində (LDU) 20 Sentyabr – Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə əlaqədar “Əbədi və Tam Suveren Azərbaycan” mövzusunda tədbir keçirilib. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirin açılışında LDU-nun Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dosent Zaur Məmmədov çıxış edərək bildirib ki, 20 Sentyabr Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış şanlı bir zəfər günüdür. Dosent Z. Məmmədov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da başladığı və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmin kökü tamamilə kəsilib.
Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Kamal Mahmudov “Tarixdən gələcəyə” mövzusunda geniş məruzə edib. Dosent K. Mahmudov 20 Sentyabr tarixinin dövlətçilik ənənələrimizin zirvəsi olduğunu, regionda tamamilə yeni geosiyasi reallıqlar yaratdığını və beynəlxalq hüququn aliliyini təmin etdiyini qeyd edib. Məruzəçi həmçinin tələbələrə tarixi prosesləri dərindən analiz etməyi tövsiyə edərək, güclü dövlətçilik şüurunun formalaşmasında bu cür şanlı tarixlərin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
LDU-nun tarix-coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbəsi, Vətən müharibəsi iştirakçısı Rəşad Əhədov isə çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra 20 Sentyabr antiterror tədbirləri ilə Azərbaycanın suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən uca zirvəsidir. O, tələbələrə müraciət edərək, şəhidlərin qanı ilə qazanılan bu müqəddəs suverenliyi gənclərin elmdə, təhsildə və beynəlxalq arenalarda qazanacağı uğurlarla qorumalı və daha da gücləndirməli olduqlarını diqqətə çatdırıb.
Tədbir antiterror tədbirlərindən və Lənkəran Dövlət Universitetinin şəhid məzunlarından bəhs edən sənədli videoçarxın nümayişi ilə yekunlaşıb.