Lənkəran Dövlət Universiteti (LDU) “UI GreenMetric Sustainable University Rankings 2026” beynəlxalq reytinqində ötən ilə nisbətdə 61 pillə irəliləmişdir. Eyni zamanda, cari il üzrə dünyanın 2016 sayda nüfuzlu universiteti həmin reytinqdə iştirak etmişdir. Bu nəticə LDU-nun dayanıqlı inkişaf və ekoloji məsuliyyət istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətlərin göstəricisi olmaqla yanaşı, universitetimiz üçün əhəmiyyətli və qürurverici nailiyyətdir.
Reytinq çərçivəsində universitetlərin fəaliyyəti kampus və infrastruktur, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, su resurslarından istifadə, nəqliyyat, təhsil və tədqiqat, eləcə də davamlılıq istiqamətində həyata keçirilən müxtəlif tədbirlər üzrə qiymətləndirilir.
LDU-nun “UI GreenMetric Sustainable University Rankings 2026” reytinqində əvvəlki illə müqayisədə mövqeyini yaxşılaşdırması universitetdə davamlı inkişaf, ekoloji məsuliyyət və resursların səmərəli idarə olunması istiqamətində həyata keçirilən fəaliyyətlərin beynəlxalq reytinq göstəricilərində əks olunması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, “UI GreenMetric” reytinqinin əsas məqsədi universitetləri ekoloji problemlərin həllində daha fəal iştiraka təşviq etmək, ali təhsil müəssisələrində davamlı inkişaf prinsiplərinin tətbiqini və ekoloji yönümlü təşəbbüslərin genişləndirilməsini dəstəkləməkdir.