Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 5 Oktyabr-Beynəlxalq Müəllim Günü münasibəti ilə Təbriki

Universitet logosu
Tarix: 05 Oktyabr 2026
Ümumi xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü dünyanın ən şərəfli və müqəddəs peşə sahiblərinin bayramıdır. Müəllimlik sadəcə bilik ötürən peşə deyil, o, cəmiyyəti formalaşdıran sönməyən bir məşəl, gələcək nəsillərin yolunu işıqlandıran müqəddəs bir missiyadır.
Tarix boyu dahi mütəfəkkirlər və böyük dövlət xadimləri bu sənətin ucalığını ən yüksək zirvəyə qaldırmışlar. Təsadüfi deyil ki, dahi mütəfəkkirlər və dövlət xadimləri bu peşəyə hər zaman ən yüksək dəyəri vermişlər. Ümummilli Lider Heydər Əliyev: “Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyərək təhsil işçilərinin cəmiyyətdəki yerini müstəsna dəqiqliklə müəyyən etmişdir. Antik dövrün böyük filosoflarından Platon müəllimliyi “Tanrı sənəti”, Sokrat isə “bütün maddi dəyərlərdən uca duran mənəvi əmək” kimi xarakterizə edərək bu peşənin bəşəri əhəmiyyətini vurğulamışlar.
Xalqımızın çoxəsrlik tarixində müəllimlərimiz hər zaman tərəqqinin, milli dirçəlişin və intellektual inkişafın əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu ad cəmiyyətimizdə hər zaman kamillik, mənəvi bütövlük və yüksək ləyaqət simvolu kimi qəbul edilib. Müəllim işığından bəhrələnən hər bir nəsil öz ustadlarının mənəvi keyfiyyətlərini əxz edərək dövlətimizə və millətimizə layiqli vətəndaş kimi yetişməyə can atmışdır.
Bu gün biz böyük bir tarixi qürur və iftixar hissi ilə vurğulayırıq ki, müəllim ordumuzun vətənpərvərlik, milli qürur və dövlətçilik ruhunda tərbiyə etdiyi gənc nəsil şanlı Zəfərimizin qəhrəmanlarına çevrildilər. Məhz onların əzmi, dəyanəti və sarsılmaz rəşadəti sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad olundu, Qarabağ nisgilimizə birdəfəlik son qoyuldu. Bu müqəddəs Zəfər yolunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman təhsil işçilərimizi və məzunlarımızı dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram. Onların fədakarlığı həm də təhsilimizin və müəllimlərimizin vətənə verdiyi ən böyük töhfədir.
Müasir Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllim nüfuzunun artırılması dövlət siyasətinin ən mühüm prioritetlərindən biridir. Elm və Təhsil naziri Emin Əmrullayevin qeyd etdiyi kimi:
“Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın uğurlarında, xalqımızın zəfərlərində sənin əməyin əvəzsizdir. Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır”.
Son illər həyata keçirilən uğurlu islahatlar nəticəsində ən hazırlıqlı, istedadlı və yüksək intellektli gənclərin müəllim peşəsinə üz tutması bizləri gələcəyin qurucularının inkişafına daha böyük diqqət və qayğı ilə yanaşmağa səfərbər edir. Tam qətiyyətlə və fəxrlə bildirirəm ki, Lənkəran Dövlət Universitetində və onun nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecdə formalaşan professor-müəllim heyəti, həmçinin hazırlanan gənc kadrlar öz yüksək peşəkarlığı, elmi potensialı və vətənpərvərliyi ilə fərqlənirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu strateji hədəf də məhz budur: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”. Biz də LDU ailəsi olaraq bu ali məqsəd uğrunda var gücümüzlə çalışırıq.
Əziz müəllimlər və gələcəyin pedaqoqları olan hörmətli tələbələrimiz!
Bu gün sizin şərəfli əməyinizin, fədakarlığınızın və cəmiyyət qarşısındakı müstəsna xidmətlərinizin təntənəsi günüdür. Lənkəran Dövlət Universitetinin və Sosial və Aqrar-Texnoloji Kollecin çox hörmətli professor-müəllim heyətini, bütün pedaqoji kollektivini və gələcəyin işıqlı müəllimləri olmaq yolunda irəliləyən tələbələrimizi bir daha ürəkdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz yaradıcılıq enerjisi və gənc nəslin yetişdirilməsi kimi məsuliyyətli, eyni zamanda olduqca şərəfli fəaliyyətinizdə yeni-yeni elmi və pedaqoji uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!
Qeyd edək ki, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin və LDU-nun nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin əməkdaşlarına pul mükafatları verilib.