LDU-da narkomaniya əleyhinə maarifləndirici seminar keçirilib

Universitet logosu
Tarix: 09 Oktyabr 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində (LDU) “Sağlamlığımızı qorumaq üçün zəhərli maddələrdən uzaq duraq” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbir, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində baş tutub.
Seminarı giriş sözü ilə açan LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Ramiz Şəmmədov gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin və narkomanlığa qarşı birgə mübarizənin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Fizika, kimya və biologiya kafedrasının müəllimi, həkim Səidə Fərəcova “Narkotik vasitələrin və onların prekursorlarının tibbi fəsadları” mövzusunda geniş məruzə edib. O, zərərli maddələrin insan sağlamlığına vurduğu ağır zərbələr və orqanizmdə yaratdığı fəsadlar barədə tələbələrə ətraflı məlumat verib.
Tədbirdə həmçinin Tarix, coğrafiya və incəsənət fakültəsinin dekanı, dosent Afaq Qasımova, eləcə də universitetin tələbələri Müjgan Musazadə, Nail Əhədzadə və Zərşad Zərbəliyeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Seminarın keçirilməsində əsas məqsəd tələbələri narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlandırmaq, gənclər arasında sağlam həyat tərzini təşviq etmək və bu qlobal problemlə mübarizədə onların sosial məsuliyyətini artırmaq olub.