LDU-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təqdimat mərasimi keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) tələbə gənclərin və vətəndaş cəmiyyəti institutlarının ictimai fəallığını artırmaq məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təqdimat mərasimi keçirilib. Lənkəranda start götürən “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” çərçivəsində təşkil olunan tədbirdə universitet rəhbərliyi, agentlik rəsmiləri və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan LDU-nun Tədris məsələləri üzrə prorektoru dosent Zaur Məmmədov qonaqları salamlayaraq bu növ regional platformaların gənclərin fərdi inkişafında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sədr müavini Elnur Bağırlı qurumun regional siyasəti, gənclərin layihə idarəçiliyinə cəlb olunması və dövlət qrantlarının ayrılması mexanizmləri barədə ətraflı məlumat verib.
“ASAN Könüllüləri” İctimai Birliyinin sədri Aysiman Quliyeva tələbələri ictimai fəallığa, sosial məsuliyyətli layihələrdə könüllü kimi iştirak etməyə çağırıb və uğurlu könüllülük təcrübələrini gənclərlə bölüşüb.
Təqdimat mərasimində Agentliyin Ekspertiza və tərəfdaşlarla iş şöbəsinin müdiri Fuad Rzayev və Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva iştirak edib.