LDU-da su ehtiyatlarının dayanıqlı idarə edilməsinə həsr olunmuş tədbir keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) “Su ehtiyatlarının dayanıqlı idarə edilməsi: beynəlxalq təcrübə və milli strategiya” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Fizika, kimya və biologiya kafedrasının müdiri, professor Vidadi Orucov su ehtiyatlarının qorunmasının və cəmiyyətdə ekoloji maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra kafedranın dosenti Qorxmaz Ağayev mövzu ilə bağlı məruzə edib. Məruzədə müasir dövrdə su ehtiyatlarının dayanıqlı idarə edilməsinin aktuallığı, iqlim dəyişikliklərinin və antropogen amillərin su təhlükəsizliyinə mənfi təsirləri geniş təhlil olunub. Eyni zamanda, Azərbaycanın su potensialının xüsusiyyətləri və transsərhəd su ehtiyatlarından istifadədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Mövzu ətrafında aparılan müzakirələrdə su qıtlığının qarşısının alınması, sudan qənaətlə və səmərəli istifadə olunması, həmçinin bu sahədə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanları nəzərdən keçirilib.