Xəzərin ekoloji vəziyyəti və balıq sağlamlığı LDU-da müzakirə olunub

Universitet logosu
Tarix: 02 Noyabr 2026
Ümumi xəbərlər
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası, eləcə də Dövlət Proqramının məqsəd və prioritetlərinin təşviqi məqsədilə Lənkəran Dövlət Universitetində (LDU) maarifləndirici təlim keçirilib.
Təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub. “Balıq sağlamlığı, Xəzər dənizinin müasir ekoloji vəziyyəti və antropogen təsirlərin balıqların yaşayış mühitinə təsiri” mövzusuna həsr olunan təlimin əsas məqsədi tələbələrin balıqçılıq və akvakultura sahəsində biliklərinin artırılması, su bioresurslarının qorunmasının əhəmiyyətinin diqqətə çatdırılması və ekoloji problemlər barədə məlumatlılığının gücləndirilməsi olub.
Sessiyalar Aqrar Xidmətlər Agentliyinin Balıq sağlamlığı və məhsuldarlığın təşkili şöbəsinin əməkdaşları tərəfindən aparılıb. Birinci təlim universitetin Baytarlıq fakültəsinin professor-müəllim və tələbə heyəti üçün təşkil olunub. Təlim zamanı iştirakçılara balıqların sağlamlığının qorunması, onların yaşayış mühitinə təsir edən əsas amillər, su hövzələrində ekoloji tarazlığın əhəmiyyəti və balıq ehtiyatlarının mühafizəsi istiqamətində görülməli tədbirlər barədə ətraflı məlumat verilib.
İkinci təlim isə Təbiyyat fakültəsində, Ekologiya ixtisasında təhsil alan tələbələrin iştirakı ilə baş tutub. Bu görüşdə tələbələrə “Xəzərin ekoloji vəziyyətinin bioresurslara təsiri” mövzusunda məruzə təqdim olunub və dənizin mövcud ekoloji durumunun su canlılarına təsirləri diqqətə çatdırılıb. Xüsusilə Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti, dəniz ekosistemində müşahidə olunan dəyişikliklər və antropogen təsirlərin yaratdığı problemlər diqqət mərkəzində olub. Su hövzələrinin ekoloji vəziyyətinin mütəmadi qiymətləndirilməsinin, balıq xəstəliklərinin vaxtında aşkarlanmasının və profilaktik tədbirlərin həyata keçirilməsinin balıq ehtiyatlarının davamlılığında mühüm rol oynadığı vurğulanıb.
Təlim çərçivəsində tələbələrə balıq sağlamlığının qorunması ilə ətraf mühitin mühafizəsi arasındakı qarşılıqlı əlaqə izah edilib, balıq təsərrüfatlarında rast gəlinən ixtioz , bullyoz və digər xəstəliklər haqqında geniş məlumat verilib, bu sahədə müasir yanaşmalar və məsuliyyətli fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.