Lənkəran Dövlət Universitetində Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzinin açılışı olub
Lənkəran Dövlət Universitetində (LDU) ölkəmizin ictimai-siyasi və elmi həyatı üçün mühüm əhəmiyyət kəsb edən Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Tədbir çərçivəsində millət vəkilləri, tanınmış elm xadimləri və ziyalılar bir araya gəliblər. Mərasim iştirakçıları rəsmi hissədən öncə Lənkəran şəhərinin mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər və abidə önünə tər çiçəklər düzüblər.
Ziyarətin ardından Lənkəran Dövlət Universitetində Qərbi Azərbaycan İrsinin Tədqiqi və Təlimi Mərkəzi rəsmi açılış mərasimi olub. Yeni yaradılan mərkəzin rəmzi qırmızı lentini Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, prof. Hikmət Babaoğlu və LDU-nun rektoru, prof. Natiq İbrahimov kəsiblər. Qonaqlar mərkəzdə yaradılan şərait, zəngin kitabxana fondu, tarixi sənədlər və eksponatlarla yaxından tanış olaraq, burada elmi tədqiqatların aparılması üçün geniş imkanların mövcudluğunu yüksək qiymətləndiriblər.
Sonra universitetin Böyük akt zalında “Milli yaddaşın Zəfəri, tarixi qayıdışın məramı” mövzusunda Elmi konfrans keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılan tədbirdə Ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda giriş sözü ilə çıxış edən LDU-nun rektoru, professor Natiq İbrahimov qonaqları salamlayaraq xalqımızı qarşıdan gələn dövlət bayramları — 8 Noyabr Zəfər Günü, 9 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik edib. Rektor bu əlamətdar günlər ərəfəsində açılan yeni mərkəzin tarixi əhəmiyyətinə toxunaraq, onun gənc nəslin milli yaddaşının bərpasında, eləcə də tarixi ədalətin elmi müstəvidə müdafiəsində əvəzsiz rol oynayacağını vurğulayıb.
Daha sonra çıxış edən ADPU-nun prorektoru və LDU-nun yeni yaradılmış mərkəzinin fəxri rəhbəri, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycan İcmasının fəaliyyət göstərdiyi 4 il ərzində qlobal və yerli səviyyədə qazandığı böyük nailiyyətlərdən bəhs edib. O, universitet rəhbərliyinə qısa zaman kəsiyində zəngin bir tədqiqat mərkəzini ərsəyə gətirdiklərinə görə dərin minnətdarlığını bildirib. Professor M.Hüseynova Lənkəran Dövlət Universitetinin son illərdəki sürətli inkişaf dinamikasını, müasir təhsil standartlarını və xüsusilə burada tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasına verilən strateji önəmi xüsusi diqqətə çatdırıb.
Milli Məclisin deputatları — Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, professor Hikmət Babaoğlu, İcmanın Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Tamam Cəfərova və Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri Şahin İsmayılov çıxışlarında konfransın mövzusunun tarixi aktuallığını təhlil ediblər. Natiqlər dövlətimizin “Qayıdış Konsepsiyası” proqramının ideoloji əsaslarından danışaraq, xalqımızın pozulmuş hüquqlarının beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi istiqamətində qətiyyətli addımların atıldığını bildiriblər.
Konfransın elmi-praktik panelində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri və direktorunun müşaviri Nazim Mustafayev, ADPU-nun kafedra müdiri, dosent Dəyanət Musayev çıxış ediblər. Alimlər Qərbi Azərbaycanın tarixi toponimlərinin bərpası, erməni saxtakarlıqlarının arxiv sənədləri ilə ifşası və bu həqiqətlərin gənc nəslə ötürülməsi metodologiyasından bəhs ediblər. Çıxışlarda mərkəzin gələcəkdə gənclərin maarifləndirilməsi, elmi monoqrafiyaların hazırlanması və rəqəmsal resursların yaradılması istiqamətində akademiyalararası bir körpü rolunu oynayacağı ifadə olunub. Elm adamları bu cür mərkəzlərin regionlarda açılmasının elmi potensialın səfərbər edilməsi baxımından zəruriliyini əsaslandırıblar.
Tədbir Lənkəran Dövlət Universitetinin istedadlı tələbələrinin hazırladığı və vətənpərvərlik motivlərini özündə tərənnüm edən rəngarəng, bədii-musiqili konsert proqramı ilə başa çatıb.