LDU Elmi şurasının növbəti iclası keçirilib
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının 2026/2027-ci tədris ilində növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Elmi şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov iştirakçıları salamlayaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Gündəliyə uyğun olaraq, ilk öncə “2026/2027-ci tədris ilinin payız semestrində tədrisin gedişi və I kollokviumlara hazırlığın vəziyyəti” barədə məsələyə baxılıb. Mövzu ilə bağlı Tədris məsələləri üzrə prorektor, dosent Zaur Məmmədovun geniş hesabatı dinlənilib. Hesabatda dərslərin keyfiyyəti, tələbələrin davamiyyəti və qarşıdakı kollokvium mərhələsinin şəffaf, eləcə də mütəşəkkil təşkili üçün görülən hazırlıq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Baş elmi katib, dosent Allahşükür Quliyev şura üzvlərini “Kafedralar üzrə vakant yerlərə seçkilərin keçirilməsi” və “Elmi və tədris-metodiki şurada baxılan işlərin təsdiqi” barədə məlumatlandıraraq müvafiq hesabatları təqdim edib.
İclasda müzakirə edilən cari məsələlər arasında Lənkəran Dövlət Universitetində “Professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əməkhaqqı sisteminin tətbiqi haqqında Qaydalar”da dəyişiklik edilməsi məsələsi də yer alıb.
Şura iclasının yekununda müzakirə olunan bütün məsələlər barədə müvafiq qərarlar qəbul edilib.