LDU-da Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

Universitet logosu
Tarix: 06 Noyabr 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin professor, müəllim, tələbə, işçi heyətinə təbrikini universitetin Sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov çatdırıb. Təbrikdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin və dövlət rəmzlərimizin gənc nəslin vətənpərvərlik tərbiyəsindəki müstəsna rolu vurğulanıb.
Tədbirin bədii hissəsində universitetin tələbələrinin ifasında vətənpərvərlik mövzusunda, eləcə də Zəfər ruhunu tərənnüm edən ədəbi-bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri nümayiş olunub.
Bayram tədbirində universitetin şəhid məzunlarının ailə üzvləri, həmçinin hazırda LDU-da və kollecdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan, eləcə də təhsil alan Qarabağ müharibəsi veteranları və iştirakçıları iştirak ediblər.