Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 8 Noyabr-Zəfər Günü münasibətilə LDU-nun və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin professor, müəllim, tələbə, işçi heyətinə Təbriki

Universitet logosu
Tarix: 08 Noyabr 2026
Ümumi xəbərlər
Əziz tələbələr, hörmətli professor-müəllim heyəti və inzibati işçilər, dəyərli valideynlər!
Azərbaycanın çoxəsrlik tarixində xalqımıza qürur və şərəf bəxş edən müqəddəs günlər çoxdur. Lakin 8 Noyabr – Zəfər Günü bu tarixlərin hamısından ucada dayanan, millətimizin hünər, qeyrət və şücaət salnaməsidir.
6 il öncə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 il düşmən tapdağında qalan əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etdi və xalqımıza illərlə həsrətində olduğu möhtəşəm Qələbə sevincini yaşatdı. Azərbaycan Prezidentinin polad iradəsi, rəşadətli ordumuzun yenilməz gücü və xalqımızın sarsılmaz həmrəyliyi qarşısında düşmən diz çökməyə məcbur oldu. Xalqımız bu tarixi Zəfərlə özünü dünyaya qürurlu və qalib millət kimi yenidən tanıtdı.
Bəli, 8 Noyabr sadə təqvim günü deyil. Bu tarix şəhidlərimizin müqəddəs qanı ilə yazılmış şanlı tarix, milli yaddaşımızın möhtəşəm oyanışıdır. 44 günlük Zəfərimizin məntiqi davamı olaraq, 2023-cü ilin 19 sentyabrında keçirilən və cəmi 24 saat çəkən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Bu tarixi hadisə Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını və şəhidlərimizin qisasının yerdə qalmayacağını bütün dünyaya bir daha qətiyyətlə nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi: “Biz bu Qələbəni həm hərbi güc, həm də mənəvi güc hesabına qazanmışıq. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq.”
Dövlət başçısının çıxışlarında qazanılan bu tarixi qələbədə gənc nəslin rolunu xüsusi qeyd etməsi biz təhsil işçilərinin də üzərinə çox böyük və məsuliyyətli vəzifələr qoyur. Prezident gənclərimizin vətənpərvərliyini yüksək qiymətləndirərək demişdir: “Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi.”
Gənclərin məhz bu ruhda tərbiyə olunmasında təhsil sisteminin, ali təhsil ocaqlarının, o cümlədən Lənkəran Dövlət Universitetinin xüsusi payı vardır. Qürurla qeyd etməliyik ki, Vətən müharibəsində LDU-nun 11 qəhrəman məzunu şəhidlik zirvəsinə ucalmışdır. Bu müqəddəs bayram günlərində onların əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik.
Bu əlamətdar tarixi gün – 8 Noyabr Zəfər Günü münasibətilə başda Lənkəran Dövlət Universitetinin və onun nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin professor-müəllim heyəti, inzibati işçiləri və əziz tələbələrimiz olmaqla, bütün xalqımızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və yeni uğurlar arzulayıram.
Bayramınız mübarək! Şanlı Zəfərimiz əbədi olsun!