LDU-da 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Ramiz Şəmmədov iştirakçıları universitetin rektoru, professor Natiq İbrahimovun adından təbrik edib. O, Milli Dirçəliş Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən söz açaraq bildirib ki, 1988-ci il noyabrın 17-də xalqımızın azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması milli oyanışda dönüş nöqtəsi və tarixi Zəfərə gedən yolun başlanğıcı olub.
Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dosent Afaq Qasımova “17 Noyabr – milli dirçəlişə aparan yol”, Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Emin Məlikov isə “Milli Dirçəliş – azadlıq və birlik rəmzi” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda ermənilərin Azərbaycana qarşı ərazi iddialarından, keçmiş sovet rəhbərliyinin Qarabağ məsələsi ilə bağlı apardığı qərəzli siyasətdən, eləcə də XX əsrin sonlarında xalqımızın milli-azadlıq hərəkatında göstərdiyi birlik və şücaətdən ətraflı bəhs olunub.
Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.