LDU-da Kapital Bankın tərəfdaşlığı ilə maliyyə savadlılığına həsr olunmuş tədbir keçirilib

Universitet logosu
Tarix: 25 Noyabr 2026
Ümumi xəbərlər
Lənkəran Dövlət Universitetinin (LDU) təşkilatçılığı və Kapital Bankın tərəfdaşlığı ilə “2026-cı il üzrə maliyyə savadlılığı üzrə fəaliyyət planının icrası” çərçivəsində tələbələrlə maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Gülbəniz Əliyeva gənclərin müasir maliyyə alətləri barədə məlumatlılığının artırılmasının və nəzəri biliklərin praktiki təcrübə ilə birləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Kapital Bankın nümayəndələri aktual maliyyə mövzuları ətrafında təqdimatlarla çıxış ediblər. Bankın Lənkəran filialının müdiri Füzuli Həsənov və Cəlilabad filialının müdiri Əlifağa Məlikov “Kredit tarixçəsi və onun tərkibi” və “Kreditlər üzrə akseptsiz silinmə qaydaları” mövzularında ətraflı məlumat verərək kredit intizamının vacibliyindən danışıblar.
Təşkilati inkişaf və işçi bağlılığı funksional sahəsinin meneceri Sabir Mustafayev isə “İzafi borclanma” və “Rəqəmsal bankçılıq” mövzularında çıxış edərək məsuliyyətli borclanma vərdişləri və rəqəmsal maliyyə xidmətlərindən təhlükəsiz istifadə qaydalarını izah edib.
Tədbirin sonunda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Gülbəniz Əliyeva və Maliyyə idarəetməsi və audit kafedrasının müdiri, dosent Əlixan Bədəlov çıxış edərək faydalı və interaktiv müzakirələrə görə qonaqlara təşəkkürünü bildirib, bu cür görüşlərin tələbələrin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.